Üzümçülük/Üzümlüklərin gübrələnməsi
←Üzümlüklərdə torpağın becərilməsi | Üzümçülük |
Üzüm xəstəlikləri→ |
Üzümlüklərin gübrələnməsi. Üzüm tənəyinin normal boy atıb, sabit məhsul verməsi üçün üzümlüklər azot, fosfor, kalium, kalsium, maqnezium, dəmir, mikroelementlərdən isə bor, sink, mis və sair ilə normal təmin olunmalıdır. Tənək yarpaqları ilə havadan yalnız karbon alır, qalan qida maddələrini isə kökləri vasitəsilə torpaqdan mənimsəyir. Hər il tənək böyümə və inkişafı üçün torpaqdan müəyyən miqdarda qida maddələri alır ki, həmin qida maddələri üzvü və mineral gübrələr kimi torpağa qaytarılmalıdır.
Üzvü gübrə: peyin, tərkibi bitki həyatı üçün lazım olan əsas qida maddələri ilə zəngin olmaqla üzümlüklərdə torpağın fiziki-kimyəvi xasələrini yaxşılaşdırır və münbitliyini artırır.
Torpaqların turşuluğunu artırdığı üçün peyini təzə halda üzümlüklərə vermək olmaz. Digər tərəfdən də təzə peyində olan alaq və mədəni bitkilərin toxumları torpaqda tez cücərdiyi üçün üzümlüklərdə həddindən artıq alaq otları əmələ gəlir. Peyin üzümlüklərə, yaxşı çürüməklə, dərinliyi 1-2 metr olan üstü örtülü xəndəklərdə saxlanılaraq payızda şum altına verilməlidir ki, burada üzvü gübrə tədricən minerallaşaraq bitkilər tərəfindən yaxşı istifadə oluna bilsin.
Təcrübələr göstərir ki, şaxtadan ziyan çəkmiş tənəkləri qısa müddətdə bərpa etmək üçün mineral gübrələr olmadıqda belə peyin şirəsinin tənəklərə verilməsi çox yaxşı nəticə verir. Bu zaman istər əsas, istərsə də əvəzedici tumurcuqların intensiv inkişafı təmin edilir.
Yaşıl gübrələr: - Ən ucuz və iqtisadi cəhətdən ən səmərəli ola bilər. Cərgə aralarına paxlalı bitkilər və yonca əkməklə torpaqda azotun miqdarını artırmaq onun strukturunu yaxşılaşdırmaq mümkündür. Mineral gübrələr: Mineral gübrələr üzümlüklərin məhsuldarlığını yüksəldən əsas vasitədir. Üzüm bitkisi torpağa verilən mineral gübrələrin yalnız bir-iki elementlərindən istifadə edir, qalan maddələr istifadə olunmayaraq torpaqda qalır. Torpağa verilən mineral qida maddələrinin bitki tərəfindən istifadə olunan hissəsinə təsiredici maddə deyilir. Üzümlüklərə verilən gübrələrin tərkibində olan təsiredici maddənin miqdarı bilinməlidir. İstifadə olunan mineral gübrələrin növündən asılı olaraq, onun tərkibindəki təsiredici qida maddələrinin miqdarı dəyişir və bu faizlə göstərilir.
Üzümlüklərdə makrogübrələrdən azot, fosfor, kalium və s. mikrogübrələrdən bor, sink və sair istifadə olunur.
Azot gübrəsi: Üzümlüklərə azot qida maddəsi, əsasən, aşağıdakı gübrələr şəklində verilir: Ammonium şorası – tərkibində 35 faizə qədər azot vardır. Ammonium şorası dənəvər, kristal və toz şəklində buraxılır. Ağ bəzən sarımtıl rəngdə olur.
Ammonium sulfat – tərkibində azot 20,5-21 faizə çatır. Ağ bəzən bozumtul kristal və toz şəklində olur.
Natrium-nitrat – tərkibində azot 16 faizə çatır, tez həll olunur.
Sidik cövhəri (karbamid) tərkibində azot 46 faizdir. Tez həll olunur və asan mənimsənilir. Üzümlüklərdə hektara səpiləcək gübrənin miqdarını müəyyən etmək istədikdə qabaqcadan təyin olunmuş gübrə normasını (təsiredici maddəyə görə) 100-ə vurub, alınan rəqəmi gübrənin tərkibindəki qida maddələrinin faizlə miqdarına bölmək lazımdır.
Tutaq ki, kimyəvi analiz nəticəsində torpağın hər hektarına təsiredici maddə olaraq, 120 kq azot gübrəsinin verilməsi lazımdır. Karbamidin tərkibində 46 faiz azot olmasını nəzərə alaraq hər hektara neçə kq karbamid verilməsi belə hesablanmalıdır.
X = a ∕ b = (120x100) ∕ 46 = 260 kq.
X - ha-a veriləcək gübrə norması a - ha plan üzrə təyin olunmuş gübrə nor. (t.m.) b – gübrənin tərkibində qida maddəsi
Bu hesabat əsasında torpağa veriləcək başqa gübrə normaları da müəyyən oluna bilər.
Fosfor gübrəsi: - Tənəyin qidalanması üçün ən vacib fosfor elementi ilə zəngin olmaqla, superfosfat və ikiqat superfosfat şəklində istifadə olunur.
Superfosfat – tərkibində fosfor qida elementi 14-20% təşkil edir və tez həll olunan şəklindədir.
İkiqat Superfosfat – tərkibində 40%-dən artıq fosfor olmaqla bütün torpaqlarda istifadə oluna bilir.
Kalium gübrələri: Bitki həyatında kalium elementlərinin də böyük rolu vardır. Tənəklərin bu minerala olan tələbatı kalium-xlorid və kalium sulfat gübrələri şəklində verilir.
Kalium-xlorid – tərkibində təsiredici maddəsi 52-57% təşkil edir. Ağ və ya boz rənglidir.
Kalium-sulfat – tərkibində təsiredici maddə 45-52% olub, bozumtul rəngli kristal maddədir.
Mineral gübrələrin yararsız hala düşməməsi üçün onlar xüsusi anbarlarda taxta döşəmələrin üstündə saxlanılmalı, rütubətli havalarda anbarların havası tez-tez dəyişdirilməlidir.
Bu gübrələrdən başqa üzümlüklərdə: Bor, sink, marqans, Molibden və sair mikrogübrələrdən də istifadə olunur.
Üzümlüklərə gübrələrin verilmə vaxtı, norması və dərinliyi: uzun illərin təcrübələri göstərir ki, üzümlüklərə verilən gübrələrin effektliyi onun verilmə vaxtında, normasından və dərinliyindən asılıdır. Tənəklərə gübrələr, əsasən iki müddətdə: payız və yazda verilməlidir.
Üzvi gübrələrdən peyin, mineral gübrələdən fosfor və kalium, əsasən payızda – tənəklərin nisbi sükunət dövründə dərin şum altına verilir. Lakin azot suda tez və tam həll olunduğundan tənəyin kökləri tərəfindən tez mənimsənildiyindən yazda verilməsi daha effektlidir.
Təcrübələr göstərir ki, təbii–iqlim şəraitindən sortun bioloji xüsusiyyətlərindən və tətbiq olunan aqrotexnikadan asılı olaraq üzümlüklərin hər hektarına 3-4 ildən bir 30-40 ton peyin, təsiredici maddə hesabı ilə ildə 90-120 kq azot, 60-90 kq fosfor, 60 kq kalium gübrələrinin verilməsi tənəklərin məhsuldarlığını artırmaqla yanaşı uzun illər bar verməsini təmin edir. Həmçinin mineral gübrələrin tənəklərin kökləri yerləşən dərinliyə verilməsinin çox böyük effekti sübut olunmuşdur.
Kökdənkənar yemləmə: Üzümlüklərin məhsuldarlığını yüksəltmək və məhsulun keyfiyyətini yaxşılaşdırmaq üçün tənəklərə yarpaqları vasitəsilə yəni vegetasiya müddətində xəstəliklərə qarşı mübarizə aparılan zaman çiləmə ilə də mikrogübrələr verilə bilər. Kökdənkənar yemləmə zamanı yarpaq və çiçək topacıqları qida maddələrini tez mənimsəyir, bunun nəticəsində çiçək topacıqlarında mayalanma yaxşı gedir yüksək keyfiyyətli şəkərli məhsul əldə olunur.