Məzmuna keç

Azərbaycan türklərinin təşəkkülü tarixindən/IV Fəsil

Vikikitab, açıq dünya üçün açıq kitablar
III Fəsil Azərbaycan türklərinin təşəkkülü tarixindən

V Fəsil


Kimmerlər, skiflər və saklar

[redaktə]

Yuxarıda deyilənlərdən aydın oldu ki, artıq er.əv. I minilliyin əvvəllərində Azərbaycan ərazisində türk mənşəli etnoslar – mannalar, madaylar və kaslar yaşayırdılar. Bu etnosları binadan yerli xalqlar saymağa haqqımız var, ona görə ki, onlar er. əv. III minillikdən məlum olan kutilərin, lulubilərin, subilərin və kasların birbaşa varisləri kimi tarix səhnəsinə çıxmışlar. Yuxarıda demişik ki, bütün tədqiqatçılar Cənubi Azərbaycan ərazisində erə əv. III minillikdən I minilliyin əvvəllərinə qədər etnik arasıkəsilməzliyin olduğunu və etnik vərəsəliyin davam etdiyini yazmışlar (102, 139). Er.əv. VIII əsrdə yeni etnosların şimaldan Cənubi Qafqaza, Ön Asiyaya və Kiçik Asiyaya köçləri başlanır. Bu etnoslar tarixşünaslıqda kimmer, skif və sak (saka, şaka) adları ilə məlumdur. Azərbaycanlıların etnogenezində iştirak etdiklərinə görə bu xalqlar haqqında qısaca da olsa danışmaq lazımdır.

Kimmerlər

[redaktə]

Herodotun yazdığına görə, er.əv. VIII əsrdə şərqdən Qara dənizin şimal çöllərinə - kimmerlərin ölkəsinə skiflər gəlmişlər. Kimmerlər onlarla toqquşmaqdan çəkinmiş, yığışıb Cənubi Qafqaza, buradan da Kiçik Asiyaya getmişlər. Bu məlumatda ―skif‖ dedikdə konkret olaraq hansı etnosun nəzərdə tutulduğunu aydın deyil, çünki antik müəlliflərin əsərlərində ―skif‖ konkret bir etnosun adı deyildi. Herodotun ―kimmer‖ adlandırdığı etnosun əsl adı Kəmər və ya Qəmər idi. İlk dəfə qədim yunan şairi Homer bu etnonimi ―kimmer‖ kimi işlətmiş, sonrakı antik müəlliflər də bu ənənəyə sadiq qalmışlar. Deməli, qədim yunan tarixçiləri Kəmər, yaxud Qəmər etnonimini ―kimmer‖ kimi tələffüz etmiş və yazmışlar. Tədqiqatçılara görə, kimmerlər Qara dənizin qərb sahili tərəfdən, ya da Dəryal keçidindən Cənubi Qafqaza Kür – Araz vadisinin qərb hissəsində Azərbaycan – Gürcüstan sərhəd zonalarını gəlmiş, lakin burada çox dayanmayaraq indiki Ermənistan ərazisinə keçmişlər. Qədim gürcülər kimmerləri ―pəhləvanlar‖ adlandırırdılar (102, 123). O vaxt indiki Ermənistan ərazisində erməni yox idi, orada başqa dillərdə, əsasən türkcə danışan əhali yaşayırdı (bax: 3). Lakin bu ərazi Kiçik Asiyada Urartu dövlətinin (er. əv. IX –VII əsrlər) nəzarəti altında idi. Er.əv. 715-ci ildə kimmerlər Urartular dövlətinin ordusu ilə toqquşdular. Urartular qanlı döyüşdə məğlub oldular (Azərbaycan Sovet Ensiklopediyasında yazılır ki, kimmerlər Cənubi Qafqaza VII əsrin 70-ci illərində gəlmişlər, halbuki ondan 45 il əvvəl kimmerlərlə urartulularının vuruşması olmuşdur). Kimmerlər indiki Ermənistan ərazisində də çox qalmadılar, çünki onları Qara dənizin şimal sahillərindən qovanlar ardlarınca Cənubi Qafqaza gəlmişdilər. Aşağıda görəcəyik ki, onlar saklar idilər. Ona görə də kimmerlər Kiçik Asiyaya hərəkət etdilər və oradakı Friqiya dövlətini yıxdılar. Bu dövlətin tabeliyində olan və Hayasa adlı əyalətdə yaşadıqlarına görə hay adlanan ermənilər qaçmağa üz qoydular: bir hissəsi indiki Ermənistan ərazisinə, digər hissəsi Araz boyuna səpələndi (bu barədə bax:3). Kimmerlərin bir hissəsi Kiçik Asiyadan Manna ərazisinə keçdi. Sonrakı əsrlərdə kimmerlər mannalara və midiyalılara qaynayıb qarışdılar. Onların adı yalnız Kəmər, Kəmərli və Qəmərli kəndlərinin adlarında qaldı. Burada söhbətimizi dayandırıb bir suala cavab verməliyik: etnik mənsubiyyətcə kimmerlər kimlərdir? Tarixşünaslıqda kimmerlər İrandilli etnos sayılır. Azərbaycan tarixşünaslıqda da bu fikir qəbul olunmuşdur. İ.M.Dyakonovun fikrincə, ―kimmer‖ adı bu etnosa kənardan verilmiş addır və İran dillərində ―həmişə hərəkətdə olan‖ mənasındadır (105, 97). Belə çıxır ki, bu etnosun əsl adı məlum deyil. Əlbəttə, bu yanlış fikirdir. Başa düşmək olmur, ―kənardan verilmə‖ kimmer adı toponimlərdə bəs necə əks oluna bilərdi? Araşdırmalarımız kimmerlərin türkmənşəli olduğunu göstərmişdir. Yuxarıda qeyd etdiyimiz kimi, bu etnosun əsl adı Kəmər yaxud Qəmər idi. Biz aşağıdakı dəlillərə əsaslanırıq: 1.‖Kəmər‖ etnonimi türkcə kam (qam) ―şaman‖ və bir sıra qədim türk tayfa adları (avar, bolqar, qacar, sabar, xəzər və b.) üçün səciyyəvi ər – ―kişi‖, ―igid‖, ―döyüşçü‖ sözündən ibarətdir. Bu fikir ilk dəfə F.Cəlilov tərəfindən irəli sürülmüşdür. Qeyd etmək lazımdır ki, Kəmər (Qəmər) etnoniminin birinci komponenti olan ―kam‖, ―qam‖ sözü başqa türk tayfa adlarının da kökünü təşkil edir: Kamak (Azərbaycanda Qaymaqlı kəndlərinin adlarında qalmışdır), kaman yaxud kuman (rus mənbələrində poloves adlanırdılar), kamat (kumat) və s. Deməli, Kəmər etnoniminin ―kam‖, ―kəm‖ komponenti təsadüfi deyil. 2. Q.A.Melikişvili yazır ki, kimmerlər Albaniyanın qərbində də yaşamışlar (134). Araşdırmalarımız göstərir ki, Cənubi Qafqaza gəlmiş kəmərlərin bir hissəsi Azərbaycanın qərb bölgəsində, Gürcüstanda və Ermənistanda həmişəlik məskunlaşmışdır.Qazax – Borçalı bölgəsində Böyük və Kiçik Kəmərli, Kəmərqaya, Qəmərli kəndlərinin adları da bu tayfa ilə bağlıdır. Keçən əsrdə Qafqazda Kəmərli adlı yeddi kənd vardı. Kimmerlər- kəmərlər indi Ermənistan adlanan ərazinin toponimiyasında da iz qoymuşlar. Yeravan yaxınlığında orta əsrlərdə Qumri, Qəmri (―Qəmər‖ etnoniminin ermənicə tələffüz forması) adlı azərbaycanlı kəndi vardı. Erməni mənbələrində bu toponim Kumayr kimidir. Erməni tarixçisi Y.A.Manandyan yazır ki, ―Kumar‖ toponimi (―y‖ səsi ermənicə əlavə olunmadır, Kumar isə Kamarın fonetik formasıdır) kimmer etnonimini əks etdirir (132, 21). Türkiyədə də Kəmərli adlı kənd vardır. İranda Qaşqay tayfasının bir qolu Qəmər adlanır. Deməli, antik müəlliflərin ―kimmer‖ kimi işlətdikləri Kəmər və Qəmər etnonimi kənardan verilmə ad yox, özünüadlandırma idi. Bu etnonimin Kəmər, Qəmər olduğunu Asur mənbələrində onun Qamer kimi yazılması da göstərir (101, № 2). Kimmerlərin çar adları da fikrimizi təsdiq edir. T e u ş p a. İran dillərində tava – aspa – ―güclü, tablı at‖ kimi mənalandırılmışdır (102, 240). Türkcə tuş – ―qızıl bəzək‖ və bay – ―varlı‖ sözlərindəndir. Deməli, Tuşbay kimi səslənmiş bu ad ―qızıl bəzəyi olan‖ mənasındadır. Ata – ananın uşaq böyüyəndən sonra qızıl bəzək sahibi olması arzusunu ifadə edir. T u q d a m e. Osetin dili əsasında ―qüvvəsi ilə bəzəyən‖ kimi izah edilmişdir. Türkcə tur – ―döyüş bayrağı‖ və tomay – ―bəzək‖, yaxud tumay – ―sipər‖ (100, 585) sözlərindəndir. ―Döyüş bayrağının bəzəyi‖ mənasındadır.Adın birinci komponenti olan ―tuq‖ sözü qədim türklərdə hakimlərin adları üçün səciyyəvidir. Turkeşlərin 738- 739-cü illərdəki xaqanı Tuk – Varsen (yəni ―tuqsan‖, ―tuq varsan‖, ―tuqun özüsən‖) adlanırdı. XII əsrdə Azərbaycanın Beyləqan şəhərində bir şəxs adının Tuk – Teqin adlanması məlumdur. XIII əsrdə monqolların içərisində Tukluk, Tuk- Teymur və b. Adlarla müqayisə olunur. S a n d a k u r r u (102, 239). Asur dilində ―r‖ səsi qoşalaşdırılmış və adın sonuna adlıq hal şəkilçisi ―u‖ səsi əlavə olunmuşdur Əslində Sandakurdur. Türkcə san – ―ad san‖, ―şan- şöhrət‖ sözü, -da (-la) şəkilçisi və kur – ―möhkəm‖, ―səbatlı (igid)‖ sözündəndir. XIII əsrdə monqolların içərisində Handakur, Çingiz xanın nəvəsi Sankur, Cuci xanın oğlu Şinqkur (28) şəxs adları ilə müqayisə olunur. Bu adı bəzi tədqiqatçılar ‖ Sandakşatra‖ kimi də oxuyurlar. İ.M.Dyakonov Sandakurru formasını izah edə bilməmiş, Sandakşatra formasını isə İran dillərində ―Allah Sandonun hakimiyəti‖ mənasını verdiyini yazmışdır (102, 240- 241). Bu inandırıcı deyil, heç olmasa ona görə ki, İran xalqlarında Sando adlı Allah adı məlum deyil. Əgər bu adın Sandakşatra olduğunu güman etsək, onu yenə də qədim türk dilləri əsasında izah etmək mümkündür. Sanda – ―adlı- sanlı‖, şat – ―vəliəhd‖, ―şahzadə‖ və ər – ―kişi‖, ‖igid‖, ‖döyüşçü‖ sözlərindən ibarətdir. Kimmerlərin türkdilli olmasına şübhə yeri qalmır. Bu belədirsə, onların həm şimalda, həm cənubda azərbaycanlıların etnogenezində müəyyən rol oynadığını deməyə əsas vardır. Cənubi Azərbaycan ərazisində bu etnonim kamar, komar, kəmər və qomar formalarında iki Komar, Kəmər, Kəmərdaran, İranın başqa əyalətlərində iki Kamara, Kamarabad, Qemar, Qamarabad, Kamare Kəmər- binə, Kamare – pain, Kamare – siyah, Kamaran və b. yaşayış məntəqələrinin adlarında qalmışdır (200). Göstərilən kəndlərdə əhali türk – azərbaycanlılardır. M.İ.Artmanovun fikrincə, kimmerlər sonra Ön Asiyada geriyə - Qara dənizin şimal çöllərinə qayıtmışlar (59, 32 - 33). Lakin Cənubi Qafqazda və İranda ―kəmər‖ etnonimini əks etdirən toponimlərin mövcudluğu bu fikri təsdiq etmir. Qeyd etmək lazımdır ki, Ön Asiyanın və Cənubi Qafqazın qədim xalqları haqqında er.əv. VII əsrdə tərtib olunmuş və ―Bibliya‖da əksini tapmış şəcərə cədvəlində kəmərlərin adı Qomer kimi çəkilir. Bu göstərir ki, kimmerlər – kəmərlər er.əv. VI əsrdə Ön Asiyada nüfüzlu etnos sayılırdı. Alban tarixçisi Musa Kalankatlının qədim xalqlara aid şəcərə cədvəlində də Maday və Aşgenaz (Sak) etnosları Qəmər etnosu ilə əlaqəli verilmişdir: Yafətin oğlu Qəmər, onun oğlu Maday, onun oğlu Aşkenaz, onun oğlu Sarmat (―Alban tarixi‖, I kitab, II fəsil). Kimmerlərin müəyyən hissəsi Krımın dağlıq ərazisində (bəzi tədqiqatçılara görə əsasən Kerç yarımadasında) qalmışdılar. Herodotdan başlayaraq antik mənbələrdə onlar tavrlar, onların ərazisi Tavrida adlanmışdır. Həmin mənbələrdə tavrlar yaylaq maldarlığı ilə məşğul olan əhali kimi səciyyələndirilir. Onlarda Foanta adlı çarın adı məlumdur ki, bu da qədim türkcə Tuvantay adının qədim yunanca təhrif formasıdır.

Skiflər - işkuzlar

[redaktə]

Tarixşunaslıqda duyunlu problemlərdən biri də skif problemidir. Əvvələn ona görə ki, Qara dənizin şimal çöllərində və Orta Asiyada er. əv. I minillikdə yaşamış əhali ümumi mənada qədim yunanca ―skif‖ və latınca ‖ skut‖ adlandırılır, başqa sözlə, bu adlar altında konkret etnos nəzərdə tutulmur. Lakin iranşunaslar Çin sərhədlərindən Karpat dağlarınadək er.əv. I minillikdə yaşamış etnosları İrandilli konkret etnos sayırlar (88, 3). Skif məsələsində dolaşıqlıq da bununla əlaqədardır. İkincisi, tədqiqayçılar necə olursa – olsun, skiflərdə İrandilli, qismən slavyan və Qafqazdilli xalqların əcdadlarını tapmağa çalışırlar, halbuki skiflər türkmənşəli tayfa (istər ümumi mənada, istər konkret mənada) idilər. Skif problemini oxucuya aydınlaşdırmaq üçün onu hissələrə ayırıb izah etmək lazımdır. 1.‖Skif‖ sözü necə yaranıb? Bir asur mənbəyində er.əv. 673-cü ildə Midiyada başqa İşpakay olmaqla İşkuzay (yaxud Aşquzay) adlı etnos qeyd olunur. İ.M.Dyakonov yazır ki, İşkuzay Ön Asiyaya gəlmiş bir tayfa birləşməsinin konkret adı, yəni özünüadlandırması idi (102, 142). Bu etnosun Mannaya və Midiyaya gəldiyi vaxt məlum deyil. Lakin İşkuzay tayfasının gəlmə olması onunla izah olunur ki, qabaqkı illərdə mənbələrdə adı çəkilmir. İlk dolaşıqlıq da bununla yaranır: Herodot skiflərin çar Kiaksar (625 - 584) dövründə Midiyaya iki köçünü qeyd edir (Herodot, I, 73, və I, 103), amma işkuzaylar ondan əvvəl – hələ 674 – cü ildə qeyd olunur. Deməli, İşkuzay etnosu Herodotun məlumatında Kiaksar dövründə şimaldan gəlmiş skiflər ola bilməz, bu hadisə hər halda Kiaksardan əvvəl baş verib. Manna və Midiyada yaşayan işkuzay etnosunun adı qədim yunanlara və latınlara keçmiş, onlar, o cümlədən Herodat bu etnonimi skif (qədim yunanlarda, əslində skit) və skut (qədim latınlarda) kimi tələffüz etmiş, belə də yazmış və yaxından tanıdıqları Qara dənizin şimal çöllərindəki tayfaları da bu adla adlandırmışlar. Nəyə görə? Ona görə ki, Mannada və Midiyadakı işkuzayların və Qara dənizin şimal çöllərindəki tayfaların həyat tərzləri oxşar və ya eyni idi: köçəri maldarlıq, at südü içmək, çadırlarda yaşamaq (I əsr müəllifi Kvint Horatsiy Flak yazır ki, skiflər adət üzrə evlərini özləri ilə daşıyırlar; Odalar, III - 24), adət - ənənələr və s. Beləliklə, Manna və Midiyadakı konkret işkuzay etnonimi antik mənbələrdə ümumi skif (skut) etnoniminə çevrilmişdir. Herodotun Midiya çarı Kiaksarın hakimiyyəti illərində şimaldan Midiyaya köçüb gələnlərin ―skif‖ adlandırılması bununla əlaqədardır. 2. İşkuzar etnonimi olmuşdurmu? Tədqiqatçılarıbir məsələ çox maraqlandırır: semit mənşəli asur dilində İşkuzay (həm də Aşquzay) kimi yazılmış bu etnonim həqiqətən də bu adı daşıyanlar içərisində belə səslənirdi, yoxsa asur dilində fonetik dəyişikliyə uğramış addır? Ümumi fikir belədir: bu etnonim guya əslində ―skutay‖ kimi səslənmişdir, onun işkuzay və aşquzay şəklinə düşməsi asur dilinin xüsusiyyətləri ilə əlaqədardır: adın əvvəlinə ―i‖ (―İşkuzay‖ formasında) və ―a‖ (―Aşquzay‖formasında) səslər əlavə olunmuş, ―s‖ səsi ―ş‖ kimi, ―t‖ səsi isə ―a‖ kimi yazılmış və beləliklə, ―skutay‖ adı işkuzay, ―aşquzay‖ formasını kəsb etmişdir (88). Lakin bu fikir səhvdir. ―İşkuzay‖ etnoniminin əvvəlindəki ―i‖ səsi köklüdür, əlavə olunma deyil. ―Avesta‖ da bu etnonimin ―İskata‖ kimi yazılması sübutdur. Bu abidə də İskata Zərdüşt peyğəmbərin fəaliyyət göstərdiyi ölkələrdən biri kimi qeyd olunmuşdur (170). Deməli, asurların işkuzay, yunanların və latınların ―skit‖ və ―skut‖ kimi yazdıqları etnonim əslində elə ―işkutay‖dır. Buradan belə sual yaranır: Qara dənizin şimal şöllərində yaşayan və antik müəlliflərin skif (skit) və skut kimi adlandırdıqları tayfalar da özlərinin iskutay adlandırırdılarmı? Xeyr. Həmin skiflər haqqında hamıdan çox məlumat verən Herodot açıq yazır ki, onları ―skif‖ adıyla ellinlər (yəni yunanlar) adlandırırlar, əslində isə skiflər özlərinə skolot deyirlər (Herodot, IV, 6). Deməli, Mannada və Midiyada işkuzayların – iskutayların mənşəyi məsələsi aydınlaşdırılmamış qalır. Təkcə burası şəksizdir ki, Azərbaycan xalqının etnogenezində iştirak etmiş işkuzaylar Qara dənizin şimal çöllərində yaşayan skiflərlə mənşə birliyinə mənsubdurlar. Ona görə tədqiqatçıların İrandilli saydıqları işkuzayların etnik mənsubiyyətlərinin təyin etmək üçün Qara dənizin şimal çöllərindəki skiflərin kimlər olduğunu araşdırmaq lazımdır. Azərbaycan xalqının mənşəyi haqqında konsepsiyamızda işkuzaylar və skiflər türkdilli etnoslar sayılırlar. 3. Skiflərin etnik mənsubiyyətləri. Herodot yazır ki, skif-aqrippilər yastıburun və enli buxaqlıdır (Herodot, IV, 23). Antik müəllif İsidor qeyd edir ki, skiflərdə elə adamlar var ki, burunları yoxdur, gözlərindən və ağızlarından başqa üzləri hamardır (İsidor, Etimologiya, IX, II, 65). Bu iki məlumatda skiflərin monqoloid irqə məxsus əlamətləri verilmişdir. Belə olduqda skiflərin İrandilli sayılması fikri havadan asılı qalır. Skif tayfalarının adları da onların türkmənşəli olduğunu göstərir. Herodot skiflərdə bir tayfanın yirk adlandığını yazır (Herodot, IV, 22). İlk dəfə P.İ.Şafarik bu etnonimi ―türk‖ hesab etmişdir (bax: 122, 365). Bu fikri sonra E.Eyxvald, İ.Pototski və A.Herman qəbul etmişlər. Azərbaycanda bu fikri Z.M.Yampolski əsaslandırmışdır (190, 5-6). Bununla belə qədim türk tayfalarından birinin irk adlanması da məlumdur. Altayda yaşayan türk tayfalarından biri irkin, digəri irkit (158, 159; 159, 23) adlanır. Sibirdə İrkutsk şəhərinin adı da bu etnonimi əks etdirir. Bir skif tayfası Aqatirs (bu etnonimin sonundakı ―s‖ səsi yunan dilində əlavə olunmuşdur) adlanırdı. Erkən orta əsrlərdə cənubi rus çöllərində bu tayfa Akatsir kimi məlumdur (97). Yunan dilində ―c‖ səsi olmadığına görə müəlliflər onu ―ts‖ ilə ifadə etmişlər. Aydınlaşdırılmışdır ki, bu etnonim səlcuq- oğuzların içərisindəki aqacəri tayfasının adı ilə eyni mənşəlidir. Herodot skiflərin bir tayfasının adını arimaspi kimi qeyd edir (Herodot, IV,13). Bu etnonim türkcə arim – ―yarım‖ (türkologiyada qəbul olunub ki, saitdən əvvəl ―y‖ səsi sonralar əlavə olunma səsdir) və sepi – ―qıyılmış göz‖ sözlərindən ibarətdir. Aydın olur ki, arimaspi etnonimi monqoloid irq üçün səciyyəvi qıyıqgöz adamları ifadə edən addır. Bir skif tayfasının adını Herodot issedon kimi çəkir (Herodot, IV,13). Bu etnonim türkcə isti və don – ―astar‖ (―paltarın xəzli astarı‖) sözlərindəndir. Başqa sözlə, əsl adı naməlum bu tayfanın adamları qışda kürk geydiklərinə görə Herodotun məlumatçısı onları istidon adlandırmışdır. Qeyd edilməlidir ki, geyim bildirən sözlərdən etnonimlərin yaranması qədim türklər üçün səciyyəvi haldır: Qaradonlu, Ağköynəkli, Şişpapaxlar və s. Herodota görə, skiflərin böyük hissəsi skolot adlanır (Herodot, IV,6). Yuxarıda biz işkuzaylardan danışdıqda bu etnonimi çəkmiş və demişdik ki, Herodot Qara dənizin şimal çöllərində yaşayan tayfaları ümumi mənada skif adlandırsa da yazmışdır ki, onlar özlərinə Skolot deyirlər. Skolot etnonimi iskulut, yaxud Eskolot adının qədim yunanca yazılışıdır ki, bu da iskil, iskul, eskol adından və türk – monqol dillərində cəm bildirən –ut şəkilçisindən ibarətdir. Erkən orta əsrlərdə iskil, esqel formalarında bu tayfa tüürk bolqarların tərkibində qeyd olunmuşdur (bax 85). Özbəklərdə və qaraqalpaqlarda eşkil, qirğızlarda eskil adlı tayfa indi də vardır (85). Skiflərin bir tayfası paralat kimi qeyd olunur (Herodot, IV,6). Qədim yunanca paralat kimi yazılmış bu etnonim türkcə bor – ―boz‖ sözündən və Olet, Ələt etnonimindən ibarətdir. Skiflərdə paralat, Midiyada paratagen, erkən orta əsrlərdə peçeneklərdə borotolmat tayfalarının adlarındakı “para” və “boro” komponentləri, bizcə, eynidir. Antik mənbələrdə qeyd olunmuş skif sözləri də türkcədir. Məşhur yunan alimi Hippokrat yazır ki, skiflər piyə vutir deyirlər (Hippokrat, Xəstəliklər haqqında. 4, 20). Bu söz türk dillərindəki ava, uva – ―yemək‖ və turi – ―süd‖ sözlərindən ibarət olub ―süddən yemək‖ yaxud ―süd xörəyi‖ mənasını verir. Skiflər maldar ellər olduqlarına görə yeməklərində süd məhsulları əsas yer tuturdu. Müəllif qeyd edir ki, vutir yalnız at südündən hazırlanır; bunun üçün at südünü ağac qaba tökür və çalxalayırlar (müəllif görünür türklərdə geniş yayılmış ağac nehrəni nəzərdə tutur), süd köpüklənir və yağ hissə üzə qalxır, bu vutir adlanır. Südün qatı və ağır hissəsi aşağı çökür, həmin çökmüş hissəsi ayırıb qurudurlar. Hippokrat sonra yazır ki, bu qurudulmuş hissə skiflərdə ippaka adlanır (yenə orada). Qədim türk dillərindəki ipi – ―çörək‖, ―yemək‖ sözündən yaranmış ―ippaka‖ dilimizdə işlənən ‖əppək‖ ifadəsində qalmışdır. Herodot yazır ki, skiflərin yastıburun hissəsi (deməli, skiflərin içərisində monqoloid irqə mənsub türk tayfaları da vardı) pontik adlı ağacın (bəzi tədqiqatçılar onu albalı, yaxud meşə gilası sayırlar) meyvəsini yeyirlər. Bu ağac əncir ağacı böyüklükdədir və onun çəyirdəkli meyvəsi olur. Meyvə dəydikdən sonra onu parçada sıxıb şirəsini çıxarırlar; ondan asxi adlanan qara rəngli şirə alınır və bu şirəni südə qatıbn içirlər (Herodot, IV, 23). Bu məlumatda skiflərin dilinə mənsun “pontik” və “asxi” sözləri çəkilmişdir. Pontik ifadəsi türk dillərində bun – ―şorpa‖, ―horra‖ sözündən və -dık (-lık) şəkilçisindən ibarət ―bundık‖ sözün təhrifidir. Mahmud Qaşqari yazır ki, türklərdə “bun” sözü “mun” kimi də işlənir, lakin onun yazdığına görə, sözün bun forması suvar, qıpçaq və oğuz dilləri üçün səciyyəvidir. Deməli, qədim yunanca pontik kimi yazılmış bundık sözü ―horra üçün nəzərdə tutulan‖ mənasındadır. Herodotun qeyd etdiyi ―asxi‖ sözünü bəzi tədqiqatçılar türkcə ―acı‖ digərləri ―aş‖ sözü saymışlar. Bizcə, ―asxi‖ türk dillərindəki acıqay ejiqey – ―kəsmik‖, ―süzmə‖ (166, I, 235) sözünün yunanca yazılışıdır.

Skiflərin antik müəlliflər tərəfindən qeyd olunmuş bəzi adətləri də türkmənşəlidir. Skiflərin səciyyəvi adətlərindən biri at südü içmək idi. Hələ Homer kimmerləri ―at südü içənlər‖ adlandırmışdı. Maldar türk tayfaları tarix boyu at südü içmiş və at əti yemişlər. Bir antik mənbədə deyilir ki, ―skiflərin böyük əksəriiyəti yalnız at südü ilə qidalanırlar‖ (ВДИ, 1947, с. 234). İrandilli xalqların heç birində bu adət olmamışdır. Arxeoloqlar skiflər üçün səciyyəvi ox ucluqlarının və ―skif heyvan stili‖ nin Altayda və Qərbi Sibirdə İrandilli etnosların yaşamadığını sübüt etməyə ehtiyac yoxdur. Bu skiflərlə Altay tayfalarının etnik mənsubiyyətcə mənşə birliyini göstərir. Herodot yazır ki, skiflərdə çar öləndən sonra dördkünc çala qazır və meyiti mumlayıb dəfn edirlər (Herodot, IV, 71). Altayda arxeoloji qazıntılar zamanı bu adəti S.A.Rudenko aşkar etmişdir (164, 122- 224). Tuva ərazisində isə bu dəfn qaydasını M.P.Qryaznov müəyyən etmişdir (90). Ölülərin mumlanması adəti Midiyada da vardı (güman ki, Azərbaycan dilindəki ―ağzını mumla‖ ifadəsi bu adətlə bağlıdır). Herodot yazır ki, skiflərdən olan aqrippilər ağ gecə ilə örtülmüş ağac altında yaşayırlar (Herodot, IV, 23). Bununla antik müəllif bu tayfanın ağ gecə ilə örtülmüş alaçıqlarda yaşadığını göstərmişdir. Herodota görə, skif falçıları qovaq ağacının çubuqlarına baxaraq yozurlar (Herodot, IV, 68). ―Kitabi Dədə - Qorqud‖ da Beyrəyin dilindən deyilmiş ―Sübh erkən durmuşsan, ağ ormana girmişsən, ağ qovağın budağından yirğalanıb keçmişsən‖ sözləri diqqəti cəlb edir. Güman ki, bu, qədim türklərin qovaq ağacına sitayiş etməsi ilə bağlıdır. Herodot yazır ki, skiflər əti heyvanın qursağına doldurub bişirirlər (Herodot, IV, 61). Bu adəti türk xalqlarının əksəriyyətində və buryatlarda müşahidə etmişlər. Herodot skiflərdə qardaşlaşma adətinin təsvirini (Herodot, IV, 70) vermişdir. Erkən orta əsrlərdə bu adət qıpçaqlarda da olmuşdur (141, 54). Skiflərin qədim türklər olduğunu göstərən faktlardan biri də onların allahlarının adlarıdır (Herodot, IV, 59). A p i (Yer ilahəsi). İranmənşəli ad sayılır və fars dilindəki ab – ―su‖ sözü ilə əlaqələndirilir. Türkcə ebi, əbi – ―ulu nənə‖ (―babanın nənəsi‖), ―böyük ana‖, ‖ulu ana‖ (babanın anası, 166, I, 220, 224) sözündəndir. Qədim türklərdə aba, həm ―ana‖, həm də ―əcdad‖, ―ulu ata‖ mənalarında idi (yenə orada). İ.Miziyevə görə, Şimali Qafqazda yaşayan türk balkar – qaraçaylarda indi də Apisat (Api və türkcə sat – ―müqəddəs‖ sözündən) allahına sitayişin qalıqları vardır (141, 76). P a p a y (Baş allah). İranmənşəli ad sayılır və fars mənşəli papak – ―qoruyucu‖ sözü ilə əlaqələndirilir. Əslində türkcə baba – ―ulu baba‖, ―babanın babası‖, ―soybaşı‖ (166, II, 10- 11) sözündəndir. Qədim türklərin məişətində əcdada sitayiş mühüm yer tuturdu. Herodot midiyalılarda, Strabon albanlarda əcdadlara sitayişin olduğunu yazmışdır. Q o y t o s i r (allah adı). İranmənşəli ad sayılır. Türkcə qoy, qok – ―göy‖, ―mavi səma‖ və tesir, teşir (teşmək, deşmək, yarmaq, yarıb keçmək felindən) sözlərindəndir. Azərbaycanca ifadə etsək, bu ad ―göyü deşən‖, ―göyü yarıb gələn‖ (Günəş şuası) mənasındadır. İzahımızın doğruluğunu Herodotun belə bir məlumatı təsdiq edir ki, skiflərdə Qoytosir yunanlardakı Apollondur. Yunanlarda isə Apollon allahı ―Günəş işığı‖, ―Günəş ziyası‖ mənasında idi. A r q i m p a s (i lahə adı). Herodot qeyd edir ki, skiflərdə bu ilahə yunanlarda Afrodita – Uraniya ilahəsi ilə eynidir (IV; 59). Yunanlarda isə həmin ilahə məhsuldarlıq allahı idi. Türkcə irkin – ―bir neçə gün aramsız yağan yağış‖ (100, 212) və baş – ―başçı‖ sözlərindəndir. Bir neçə gün yağan yağış məhsuldarlığa səbəb olur. Deməli, Arqimpas ―yağış başçısı (ilahəsi)‖ mənasındadır. Skiflərin türkmənşəli olduğunu onların şəxs adları da göstərir.

Skiflərdə şəxs adları

T a k s a k. Skiflərdə çar adı (er. əv. 513-cü il). V. İ. Abayev bu adı osetin dilində ―sürətli maral‖ (―qaçağan maral‖) kimi izah etmişdir (39). Biz bu adın sonunda türkcə “uşaq” (―oğlan uşağı‖) sözünün olduğunu yazmışıq (85). Əslində Taksak şəxs adı qədim türkcə tanq – ―möcüzə‖, ―qeyri - adi‖, ―valehedici‖, ―çox gözəl‖ (100) və sak, çak – ―sayıq‖, ―ayıq‖ (100, 480), yaxud çaq – ―söz‖, ―dərdsiz‖, ―keyfi kök‖, yaxud qədim türkcə sağ – ―ehtiyatlı‖ (Azərbaycan dilində ―sağınmaq‖ felinin kökü), yaxud türkcə çak – ―böyük‖, ―qüvvətli‖ (160, III, 2, 1451) sözlərindən ibarətdir. Quruluşca Orta Asiyada er. əv. III əsrdə Arşak (Arşak adının İran dillərində ars –―ayı‖ sözündən olması fikri səhvdir. Ona görə ki, Arşak indiki Türkmənistan ərazisində yaşamış və antik mənbələrdə dağ adlandırılmış tayfadan indi; həmin tayfa isə türkmənlərdə indiki, təkə tayfasının ulu əcdadıdır), X əsrdə Çin Türküstanında Kaşqar əyalətinin hakimi Oğulçak, səlcuq oğuzlarından Turşak (31, 76), ―İqor polku haqqında dastan‖da qıpçaq xanı Konçak və b. şəxs adları ilə müqayisə olunur. A t e y. Er. əv. IV əsrdə skiflərdə çar adı (Pompey Troq, IV, 2). Er. əv. 339-cu ildə 90 yaşında ikən Makedoniya çarı Filipp (İsgəndərin atası) ilə döyüşdə ölmüşdür. İranmənşəli ad sayılır və osetin dilində ―ədə‖ sözü ilə əlaqələndirilir. Yuxarıda er. əvvəl 881-880-ci ildə Mannada bir hakimin Ata adlandığını demişik. Türkcə ata (tatar dilində ―ata‖ sözü ―atay‖ kimi tələffüz edilir), yaxud ada – ―böyük qardaş‖, ―cənab‖, ―sahibkar‖ (166, I) sözündəndir. ―Oğuznamə‖lərdə Oğuz xaqanın nəslindən Ata – xaqan şəxs adı ilə müqayisə olunur. A s p a k. Er. əv. VII əsr). İranmənşəli ad sayılır və farsca əsb – ―at‖ sözü ilə əlaqələndirilir (39, 281). Əslində isə türkcə as – ―nəvazişli‖, yaxud as, es - ―ağıllı‖, ―zəkalı‖, ―dərrakəli‖ (166, I, 306) və bak - ―bəy‖, ―tayfa ―başçısı‖, ―knyaz‖ sözlərindəndir. Er. əv. VII əsrdə Midiyada işkuzların başçısı İşpakay adı ilə eynidir. Şimali Qafqazda karaçay-balkarlarda İspak (141), Volqaboyu tatarlarında geniş yayılmış İşpak, İşbay adları ilə müqayisə olunur. S p a r q a p i t. Er. əv. VII əsrdə skiflərdə bir çarın adı (Herodot, IV, 76). İranmənşəli ad sayılır və Avesta dilində sparəqa – ―tənək‖, ―meynə‖, ―zoğ‖ sözü ilə əlaqələndirilir (39, 304). Əslində Esbirokbit adının qədim yunanca yazılışıdır. Türkcə es – ―ağıllı‖, ―zəkalı‖, ―dərrakəli‖, birok – ―yalnız‖, ―yeganə‖ (166, II, 151) və bit – ―boy at‖, ―böyü‖ (166, II, 154) sözlərindəndir. Ad ―ancaq ağıllı böyü‖ mənasını verir. Er. əv. 530-cu ildə Orta Asiyada sakların çariçası Tomirisin oğlunun adı da Sparqapit idi. Qədim türklərdə şəxs adlarında ―böyü‖, ―boy at‖ mənasında ―bit‖ sözü xəzərlərdə xaqan qadın Barsbit (bu ad ―Bəbir kimi boy at, böyü‖ mənasındadır) və skiflərdə Ariapit adında vardır. X o n a x i s. Skiflərdə bir çarın adı. ―Xonax‖ komponentindən və yunan dilində adın sonuna əlavə olunmuş “is” adlıq hal şəkilçisindən ibarətdir. İranmənşəli ad sayılır və osetin dilində - xonek ―dəvət edən‖ sözü ilə əlaqələndirilir (39, 168). E.A.Qrantovskiyə görə, bu ad hind dilində khanaka – ―qazıyan‖ (yer qazan) sözündəndir (88, 205). Əvvəlinə danışıqda ―h‖ səsi əlavə olunmaqla türkcə inak, unak – ―dost‖, ―etibarlı adam‖, ―yaxın yoldaş‖, ‖ümid‖ (166, I, 654) sözündəndir III əsrdə Çin Türküstanından gəlib Qafqazda məskunlaşmış türk tayfasının başçılarından Konak, VII əsrdə Xəzər xaqanlarından Qonak, Albaniyada ―türk süvari ordusunun rəisi Qonaq‖ (―Alban tarixi‖, II kitab, 15-ci fəsil), erkən orta əsrlərdə bulqar xanı Konak şəxs adları ilə müqayisə olunur. A n a x a r s i s. Skiflərdə şəxs adı (Herodot, IV, 46). İranmənşəli ad sayılır və Avesta dilində anahvarti – ―toxunulmamış‖, ―zərər çəkməmiş‖ sözü ilə bağlanır(39, 278). Türkcə ınak ―dost‖, ‖ümid‖, ―sadiq‖, ―etibarlı adam‖, ―təmiz‖ (166, I, 659), ər ―kiçi‖, ‖igid‖ ,‖döyüşçü‖ sözlərindən və -ci şəkilçısindən. Adın sonundakı ―s‖ səsi yunan dilində adlıq hal şəkilçisidir. Aukos (Anaxarsisin babasının adı). Türkcə Ay və uk – ―varis‖, ―övlad‖ sözlərindən və yunanca əlavə olunmuş “os” adlıq hal şəkilçisindən ibarətdir. Quruluşca poloveslərdə Aepa (yazılışı ruscadır, əslində Ay - Aba), oğuzlarda Ay – Kaqan və b. şəxs adları ilə eynidir. S a v l i. Skiflərdə bir çarın adı (Herodot, IV, 76). Yunan dilində ―ç‖ səsi olmadığına görə, Çavli adının fonetik şəklidir. Türkcə çavli – ―şahin‖, ―qızılquş‖, ―tərlan‖ (100, 142) sözündəndir. Qədim türklərdə çavli həm də sarayda rütbə və titul bildirən söz idi (100, 142). Xəzər xaqanı Zavulan (yazılışı yunancadır, əslində Çavulan), XII əsrdə Azərbaycanda Oğuz – səlcuq əmirlərindən Çavli bəyin (77) adları ilə müqayisə olunur (Qazax rayonunun Daş Salahlı kəndinin bir məhəlləsi də Çavli adlanır). İ d a n t i r s. Skiflərdə bir çarın adı. Savlinin oğlu. (Herodot, IV, 76). Türkcə id – ―mal - mülk‖, ―sağlamlıq‖, ‖varidat‖ (166, I, 329) və indir – ―xırman‖ (166, I, 656) sözlərindəndir. İkincisi komponent bu adda, ümumiyyətlə, ―mədən‖, ―bir şeyin bol olduğu yer‖, ―bir şeyin əldə edildiyi yer‖ mənasındadır. Bütünlüklə ad ―var – dövlət xırmanı‖ mənasındadır. Adın sonundakı ―s‖ səsi yunan dilində adlıq hal şəkilçidir. (Qeyd etmək lazımdır ki, Çavli və İdantir skif adlarındakı çav – ―şöhrət‖ və idan sözləri Azərbaycanda xürrəmilər hərəkatının banisi Cavidanın adında da vardır). A r i y a p i t. Skiflərdə bir çarın adı (Herodot, IV, 78). İranmənşəli ad sayılır və farsların əcdadları Ari (Aria) etnonimi ilə əlaqələndirilir (39). Ehtimal ki, adın əsl forması Əryənbitdir. Herodot (yaxud onun məlumatçısı) ―n‖ səsinin tələffüzünü nəzərdən qaçırmışdır. Türkcə əryən – ―ərsəyə çatmış‖ (lakin hələ evlənməmiş oğlan) və bit – ―böyü, boy at‖ sözlərindəndir. Dünyaya gəlmiş oğlan uşağına ata – ananın arzusu ifadə edilir. Monqollarda XIII əsrdə Arqan şəxs adı ilə müqayisə olunur. S k i l. Ariapitin oğlu (Herodot, IV, 78). Türkcə es – ―ağıl‖, ―zəka‖, ‖dərrakə‖ (166, I,) və kul – ―xan titulu‖ (bax: Kolaksay adına) sözlərindəndir. Oğuz mənşəli Turkeş xanı Sakal (706 - 711) şəxs adı ilə müqayisə olunur. O p i y a. Ariapitin arvadının (Skili anasının) adı (Herodot, IV, 78). Türkcə əbə - ―ana‖, ―böyük bacı‖, ―xala‖ və s. (166, I, 158 - 159) sözündəndir (azərbaycanlılarda keçmişdə mövcüd olmuş Anaqız adı kimi). Mərhum anasına ehtiram əlaməti olaraq atanın körpə qızına verdiyi addır. O r i k. Skif çarı Ariapitin oğlunun adı. Qədim türklərdə geniş yayılmış, Arik şəxs adının fonetik şəkli. Məsələn, Avar çariçası Buy- Arik, Çingiz xanın oğlunun adı Arik – Buğa. Türkcə ariq, arik – ―təmizkar‖, ―saf‖, ‖ləkəsiz‖, ―səliqəli‖ (166, I, 184, 186) sözündəndir. S k o l o p i t. Skiflərdə bir çarın adı (Pompey Troq, II, 4). Türkcə es – ―ağıl‖, ‖zəka‖ kul – ―xan titulu‖ və bit – ―boy at‖ ―böyü‖ sözlərindəndir. Q n u r. Skiflərdə bir çarın adı. (Herodot, IV, 76). Türkcə qun – ―knyaz‖, ―başçı‖ və ur – ―oğul‖, ―varis‖ sözlərindəndir. S k i l i r. Skiflərdə bir çarın adı. Türkcə es – ―ağıl‖, ‖zəka‖, ―dərrakə‖, kul - ‖xan titulu‖ və ur – ―oğul‖, ‖varis‖ sözlərindəndir. P o l l a k. (Skilurun oğlu). Türkcə bələk – ―hədiyyə‖, ‖ baxşeyiş‖ (100, 117) (burada allahın ata –anaya göndərdiyi hədiyyə nəzərdə tutulur) sözündəndir. Eranın əvvəllərində Şimali Qafqazda türk suvarlarda Bolax xanın adı ilə müqayisə olunur. O k t a m a s a d. Skiflərdə bir çarın adı (Herodot, IV, 80). Türkcə uk – ―oğul‖, ―varis‖, ―tomay- ―bəzək‖ (100) və şad - ‖vəliəhd‖, ―şahzadə‖ sözlərindəndir. K a r a s t o s. Skiflərdə bir şəxs adı (39, 339). İranmənşəli ad sayılır və ―əkiz olan‖ kimi mənalandırılır. Ad Karast komponentindən və yunanca –os adlı hal şəkilçisindən ibarətdir. Türkcə kara – ―qara‖ (―qara‖ sözünün burada hansı mənada işləndiyini müəyyən etmək çətindir) və şat – ―şahzadə‖, ―vəliəhd‖ sözlərindəndir. Sarmatlarda Karakst şəxs adı ilə qurulmuş və mənaca eynidir. Monqollarda XIII əsrdə Karakat, Karakçin (28, 18, 45) şəxs adları ilə müqayisə olunur. Qədim türklərdə çoxlu Qaraxan, Karaşat şəxs adları olmuşdur. A r i a n t. Skiflərdə bir çarın adı (Herodot, IV, 81). İranmənşəli ad sayılır və farsların əcdadları – Ari etnonimi ilə əlaqələndirilir (39). Türkcə əryən – ―ərsəyə çatmış, lakin evlənməmiş oğlan‖ sözündəndir.Adın sonundakı ―t‖ səsi, görünür, danışıqda əlavə olunmadır. S k o p a s. Skiflərdə bir çarın adı (Herodot, IV, 120). Türkcə eşik, eşiq – ―allahın dərgahı‖, ―ev - eşik‖ (166, I, 197 - 198) və baş – ―başçı‖ asözlərindəndir. T a r q i t a y. Er. əv. VII əsrdə skif çarlarından birinin adı (Herodot, IV, 5). İranmənşəli ad sayılır. V. İ. Abayev onu ―uzun müddət qüdrətli‖ (39, 306) kimi mənalandırır. E.A.Qrantovskiyə görə, (88,52) farsca tiqra – ―ucu şiş‖, ―ox‖ sözündəndir.Türkcə tarqa, tariqə - ―ağıllı‖, ―idraklı‖,‖mühakiməli‖, ―düşüncəli‖, ―sağlam‖, ‖cəld‖,‖diribaş‖, ‖çevik‖, ―fəndkir‖, ―şux‖ (166, III, 240) və tay – ―kimi‖, ―sanki‖ sözlərindəndir. VII əsrin əvvəllərində türk avarların xanı Bayan xanın Bizansa göndərdiyi səfirin adı da Tarqitiy idi (72, 181). XIII əsrdə monqol əmiri Tarağay və b. şəxs adları ilə müqayisə olunur. T i q r a t a y. Skiflərdə bir məşhur qadının adı (Poliyen, VIII, 55). İ ranmənşəli ad sayılır və ―qüdrətli ox‖ kimi mənalandırılır (39, 306). Türkcə tiriqə, diriqə - ―çevik‖, ―cəld‖, ―diribaş‖ (166, III, 240) və tay sözlərindəndir. K o l a k s a y. Çar Tarqiyatın oğlunun adı. İranmənşəli ad sayılır, fars dilində hvar – ―günəş‖ və ksay – ―şah‖ sözlərindən ibarət olduğu yazılır. Göstərilir ki, farslarda Xurşid adı ilə uzlaşır (39). Halbuki Xurşid adı fars sözü yox, sanskritcə qurusiddhaquru – ―rəhbər‖ və siddha – ―sehrbazlığa yiyələnmiş sözlərindəndir. Ad “kolak” (əslində isə kulak) və “say” hissələrindən ibarətdir. ―Kulak‖ komponenti qədim türkcə kul – ―xan titulu‖ sözü (müqayisə et: türk xaqanı Kultəkin, ―Kitabi Dədə Qorqud‖ da Kulbaş və s.), ―a‖ birləşdirici səsindən və qədim türk dillərində hakim nəslə mənsub şahzadələr üçün titul bildirən “ku” (149, 128) sözündən ibarətdir. Deməli, bizcə Herodotun ―Kolak‖ kimi yazdığı komponent əslində ―Kulaku‖ olmaqla hun xaqanı Xuluqu (er.əv. 85-68 –ci illər), Şərqi türk xaqanlığının xanı Kuluq- Çur (VII əsrin 80-ci illəri) və XIII əsrdə Çingizxanın nəslindən Hulaku çəxs adları ilə müqayisə oluna bilər. Qədim türkcə ―kuluq‖ isə (məsələn, XI əsrdə qədim uyğurca) kuu – ―şöhrət‖, ―şan‖ və mənsubiyyət bildirən –luk şəkilçisindən ibarət olmaqla (qut və -luq şəkilçisindən ibarət Qutluq şəxs adı kimi) ―kuulu‖ mənasındadır. Deməli, Kolaksay adının birinci komponenti türk- monqol dillərindəki kuluq – ―qəhrəman‖, ―igid‖, ―şanlı‖, ―məşhur‖ sözündəndir. Adın sonunu təşkil edən “say” sözü türkcə ―gənc‖, ―yeniyetmə‖ (160, IV, I, 219) deməkdir. Tədqiqatçılar onda səhv etmişlər ki, adın ―kolak (u)‖ hissəsinin son səsi olan ―k‖ səsini adın ―say‖ hissəsinə birləşdirərək “ksay” formasını almış və sonra da onu qədim farsca “hşay” (şah) sözü hesab etmişlər. L i p o k s a y. Çar Tarqitayın oğlunun adı. Adın sonunda “ksay” komponenti farsca ―şah‖ sözü hesab edilir, lakin “lipo” hissəsinin İranmənşəli olmadığı yazılır (39). Türkcə elip, Altay türklərində, tatarlarda, xakaslarda elip, alıp (alp sözünün bir forması) – ―qəhrəman‖, ―cəsur‖, ―nəhəng gövdəli‖ , uk – ―varis‖, ―oğul‖ və say – ―gənc‖, ―yeniyetmə‖, ―cavan‖ sözlərindəndir. A r p a k s a y. Çar Tarqitayın oğlunun adı. İranmənşəli ad sayılır və ―suyun dərinliklərinin padşahı‖ mənasını verdiyi göstərilir (39). Türkcə ər – ―kişi‖, ―igid‖, ―döyüşçü‖ bak – ―bəy‖, ―tayfa başçısı‖ və say – ―gənc‖, ―cavan‖, ―yeniyetmə‖ sözlərindəndir. Quruluşca Midiyada Arbak şəxs adı ilə müqayisə olunur. S k i f a r b. Skiflərdə bir çarın adı (Ktesiy,§16). İranmənşəli ad sayılır (39). Türkcə es – ―ağıllı‖, ―zəkalı‖, ―dərrakəli‖, kat – ―möhkəm‖, ―bərk‖, ər – ―fərasətli‖, ―işcil‖ (166, I, 207) sözlərindəndir. Bütünlüklə ad ―Ağıllı, möhkəm və fərasətli igid‖ mənasını verir. O k l a b a. Skiflərdə bir hakimin adı. (Appian. Mitridatın müharibələri, 79). Türkcə uluq – ―ulu‖, ―böyük‖ və abay – ―ata‖, ―əmi‖, ―baba‖ (166, I, 54-55) sözlərindəndir. Quruluşca dondarların Oltak (Plutarx, Lukull, XI) çarının (oğul yaxud ulu və tak ―kimi‖, ―sanki o‖ sözlərindən) adı ilə eynidir. T a l e s t r a. Skiflərdə amazonkaların çariçasının adı. (III əsrdə yaşamış antik müəllif Yustin yazır ki, albanların qonşuluğunda yaşayan amazonkaların çariçası Talestriya Makedoniyalı İskəndərdən xahiş etmişdi ki, onunla görüşsün. Ehtimal ki, məhz bu rəvayət Nizaminin ―İskəndərnamə‖sində Nüşabə surətinin yaranmasına səbəb olmuşdur. Bu məlumatda ―albanların qonşuluğunda‖ dedikdə Kürdən cənubdakı Alban ərazisi nəzərdə tutulur, çünki antik müəlliflərin məlumatlarında Alban çarlığı Küürdən şimalda göstərildiyinə görə ―qonşuluqda‖ - Kürdən cənubda olmalıdır). Türkcə bala – ―ötkəm‖, ―məğrur‖, ―cəsarətli‖, ―ürəkli‖, işi – ―ali mənsəbli qadın‖ və törə - ―doğulmuş‖, ―törənmiş‖ sözlərindən ibarətdir. Quruluşca saklarda Sparetra qadın adı ilə eynidir. L i q. Skiflərdə bir çarın adı. Türkcə eliq – ―məğrur‖, ―vüqarlı‖ (166, I), yaxud elik – ―hökmran‖, ―hakim‖ (100, 170) sözündəndir. Attilanın oğlu İlək, VI əsrin ortalarında türk sabirlərin (suvarların) xaqanı İliqər (eliq və ər – ―kişi‖, ―igid‖, ―döyüşçü‖ sözlərindən), Türkəş xaqanı Uç – Elik (699 - 709) şəxs adları ilə müqayisə olunur. A q e r o s. Skiflərdə bir çarın adı (39, 289). İranmənşəli ad sayılır və ―Avesta‖ dilində kar, osetin dilində ikal – ―özünü gümrah kimi aparan‖ kimi izah edirlər (39, 289). Türkcə aq və ər – ―kişi‖, ―igid‖, ―döyüşçü‖ sözlərindəndir. M a r s a q e t. Skiflərdə şəxs adı (Ktesiy,§16). Türkcə bars - ―bəbir‖ (b – m əvəzlənməsinə görə) və qed, ked – ―qüvvətli‖, ―möhkəm‖, ―seçmə‖ (100, 292) sözlərindəndir. S o b o d a k. Skiflərdə şəxs adı (Appian. Mitridatın müharibələri, s. 79). Adın mənasını aydınlaşdıra bilmədik. Lakin Çingiz xanın məşhur sərkərdəsi Subutayın adı ilə quruluşca və məzmunca eynidir. P a n a s a q o r. Skiflərdə bir çarın adı (Pompey Troq, kitab II, 4). Əsl forması: Banasaqur. Türk dillərində m - b əvəzləməsinə görə Manasoğur. Manas və türkcə ğur ―dərəcə‖, ―rütbə‖, ―şərəf‖ sözlərindəndir. X a r a s i n. (Qara dənizin şimal çöllərində skiflərdə bir çarın adı). V. İ. Abayev adın İran dillərində ―boz eşşək‖ mənasını verdiyini yazmış və deməli, onu farsca xər – ―eşşək‖ sözü ilə əlaqələndirmişdir (39, 309). Fikirləşməmişdir ki, heç bir ata- ana körpəsini ―boz eşşək‖ adlandırmazdı. Əslində ad monqolca xaru, qədim türkcə karu – ―əziz‖, ―sevimli‖ və Altay dillərində oxşarlıq bildirən sin, çin, şin sözlərindən ibarətdir. Qədim türk mənşəli şəxs adlarında sin (çin, şin) sözü ―kimi‖, ―sanki‖ mənalarında idi. Şərqi Hun xaqanlığında Metedən sonra (er.əv. 207- 174) Kunçin, Çingiz xanın əsl adı olan Temuçin və b. şəxs adlarında bu söz vardır. D a v k e t. Skiflərdə şəxs adı (39, 289). Türkcə day – ―dayı‖ (ananın qardaşı) və qed, get - ―bacarıqlı‖, ―qüvvətli‖, ―seçmə‖, ―möhkəm‖ (100, 292) (Marsaqet adında olduğu kimi) sözlərindəndir. Albanlarda Davdak şəxs adı ilə müqayisə olunur.

Biz skiflərin mənbələrdə çəkilən şəxs adlarının yalnız bir hissəsini nəzərdən keçirtdik. Göründüyü kimi, əslində skif şəxs adlarının heç biri İranmənşəli deyil.

Skif toponimləri.M e t i t o r. Skiflərin ərazisində çay adı (Skilak Karianidski. Asiya, 79). Türkcə mətə - ―gil‖ və sor – ―kiçik göl‖, ―bataqlıq gölməçə‖ sözlərindən ibarətdir. A r p a z o s. Skiflərin yaşadığı ərazidə, indiki Türkiyədə Arpaçayın adı (Ksenefont, V, 12). Arpaçayın mənbələrində qeyd olunmuş ən qədim adıdır. (er. əv. V əsr) ―Arpaç‖ (yunan dilində ―ç‖ səsinin olmadığına görə ―z‖ səsi ilə verilmişdir) və yunan dilində ―os‖ adlıq hal şəkilçisindən ibarətdir. Arpaz (Arpac) komponenti isə ―Arpaçay‖ adının qısaldılmış formasıdır. Antik müəllif üçün yad dildə olan bu ad yəni, ―Arpaçay‖ sözü ―Arpaç‖ kimi qeyd edilmişdir (Arpaçayın mənbəyi Türkiyə ərazisində 2006 m yüksəklikdə olan Arpa gölündən başlanır. Gölün adı isə ətrafında bitən yabanı arpa bitkisi ilə bağlıdır). A k s i a k. Skif torpağında çay adı (Ptolemey, III, 10, 7). Türkcə ak – ―ağ‖ və suak – ―aydın‖ (başqırd dilində suak – ―aydın‖ deməkdir) sözlərindəndir. S i l i s. Skif dilində Yaksart çayının adı (Pliniy, VI, 49). Türkcə sil – ―təmiz‖ (100, 500) sözündən və yunanca ―is‖ şəkilçisindəndir. Sır – Dərya çayının birinci komponenti olan ―Sır‖ sözündə qalmışdır. Qədim türkcə siliq ―təmiz‖ sözü Bizans mənbələrində Ziliqd kimi çəkilən hun çarının (521-ci il) adında da əksini tapmışdır ki, bu da ―təmiz it‖ mənasındadır. (Qədim türklərdə körpə oğlan uşağını bədnəzərdən qorumaq üçün ona ―pis‖ səslənən ad verirdilər. Türk sultanı Bayazit, yəni ―ağ it‖ və monqollarda Noxay ―it‖ adları ilə müqayisə olunur). K e r a v n. Qafqazın cənub – şərqində, skif dilində dağ adı. Türkcə ―Qaranay‖ oroniminin qədim yunanca yazılışıdır. Dərbənd rayonunda Qaranay dağının adıdır (859 –cu ildə ərəblər tərəfindən Şəmkirə köçürülmüş Xəzər ailələri həmin adı gətirmiş və nəticədə Qaranuy toponimi yaranmışdır). Skiflərdə türkmənşəli şəxs adları və az miqdarda skif toponimləri göstərir ki, Manna və Midiya ərazisində işkuzaylar da türkdilli idi. Çar Kiaksar dövründə Midiyaya gələn skiflərin başçısını Herodot Maduis (Madu adından və yunan dilində ―is‖ adlıq hal şəkilçisindən) kimi qeyd edir. V əsr erməni tarixçisi Moisey Xorenasinin əsərində Mades kimidir. Türk dillərində m-b əvəzlənməsinə əsasən demək olar ki, Madu və Batu (məsələn, Çingiz xanın nəvəsi Batu) eyni addır. Başqa sözlə, er.əv. III əsrdə hun xaqanı Made (Mete kimi də yazılır), skiflərdə Madu və monqollarda Batu eyni mənalı adlardır. Türk dillərində bat, badu – ―qüvvətli‖, ―bahadır‖ deməkdir. Ona görə də V. İ. Abayevin Madu şəxs adını hind dilində madhu, osetin dilində mudu – ―bal‖ sözü sayması (39, 291) fikrini biz qəbul etmirik. (Fransız arxeoloqu R. Girşman Cənubi Azərbaycan ərazisində aşkarlanmış məşhur Ziviyə xəzinəsini er.əv. 624-cü ildə ölmüş Madunun qəbrinə aid etmişdir. Bunu xəzinədəki skif tipli əşyalar da təsdiq edir). Skiflərin türkmənşəli olduğunu göstərən ən tutarlı sübut skif ox ucluqlarının və ―skif heyvan stili‖ni əks etdirən əşyaların arxeoloji qazıntılar nəticəsində Altayda və Cənub – Qərbi Sibirdə er.əv. I minilliyin əvvəlindən VII əsrədək Karasuk və Taqar mədəniyyətlərində aşkar olunmasıdır. Arxeoloji tədqiqatlar əsasında yazılmış Sibir tarixindən bir faktı oxuculara çatdırırıq. ―Qara dəniz sahillərində yaşamış skiflərdə bu mədəniyyət (söhbət tarixşünaslıqda skiflər üçün səciyyəvi mədəniyyətdən gedir – Q. Q.) ən çox ifadəsini tapmışdı. Lakin Ural ətrafında və Qazaxıstanda, Qərbi və Cənubi Sibirdə, Baykal ətrafında və Monqolustanda və nəhayət, Mancuriyada Qara dəniz sahillərindəki skiflərin istifadəsində olmuş əşyalara son dərəcədə oxşayan əşyalara rast gəlinir‖ (38, 217, I). Aydındır ki, göstərilən regionlarda İranmənşəli əhali yaşamırdı. İndi biz Midiyada işkuzaylar haqqında söhbətimizi davam etdirək. Herodat yazır ki, Midiyanın qüdrətli çarı Kiaksar (er. əv. 625 - 585) skiflərin başçılarını qonaq çağırmış və sonra da oradaca hamısını öldürtmüşdür. Onun yazdığına görə, bu hadisədən sonra skiflər geriyə - Qara dənizin şimal çöllərinə qayıtmışlar (Herodot, IV, I). Bir sıra tədqiqatçılar bu məlumatın doöruluğuna şübhə etmirlər. Lakin bilmək olmur, başçıları öldürülənlər konkret olaraq kimlərdir, işkuzlar, yoxsa saklar? Axı Herodot hət iki etnosu ―skif‖ adlandırır? Ehtimal ki, bu məlumatda işkuzlar nəzərdə tutulur. Bu ehtimalı qüvvətləndirən bir neçə mülahizə vardır. Birincisi, Cənubi Azərbaycan ərazisində kimmer (kəmər), sak (şaka) etnonimlərini əks etdirən çoxlu toponimlər indiyədək mövcud olduğu halda, işkuz, yaxud aşquz etnonimini əks etdirən heç bir yer adı yoxdur; ikincisi, bir sıra antik müəlliflər midiyalıların Qara dənizin şimal çöllərində və Şimali Qafqazda yaşayan sarmatlarla qohum olması haqqında yazmışlar. Güman etmək olar ki, işkuzların müəyyən hissəsi midiyalıların bir hissəsi ilə (ya zorla, ya xoşluqla) şimala çəkilmişlər. Bunu Şimali Qafqazda və Dağıstanda maq və muq etnonimlərini əks etdirən çoxlu toponimlər aydın göstərir. Üçüncüsü, Herodot yazır ki, şimala qayıdan skiflərin arvadları onları pis qarşılamışdı (Herodot, IV, I). Buradan aydın olur ki, kimmerlərdən və saklardan fərqli olaraq işkuzlar Midiyaya ailələri ilə gəlməmişdilər, başqa sözlə, onların Midiyaya gəlişi hərbi səfər idi, köç deyildi, çünki arvad – uşaqları şimalda qalmışdı. Güman etmək olar ki, işkuzların heç də hamısı şimala keçməmiş və müəyyən hissəsi Arazdan şimalda – indiki Şimali Azərbaycan ərazisində məskunlaşmış və sonra ―Kitabi Dədə Qorqud‖da ―İç oğuz‖ adında əksini tapmışdır. İşkuzların və sakların hərbi köməyi ilə Kiaksar əsrlər boyu Manna və Midiya ərazisini qarət edən yırtıcı Asur və Urartu çarlıqlarını məhv etmişdi. Skiflərin (yuxarıda deyildiyi kimi, ―skif‖ adı altında konkret olaraq kimlərin nəzərdə tutulduğu aydın deyil, işkuzlar da ola bilər, saklar da) başçılarını xaincəsinə öldürməsi ilə, o, türkmənşəli böyük etnosların bir – birinə qarşı düşmənçiliyinin özülünü qoydu (çox sonralar, məsələn, Teymurlənglə İldırım Bəyazid, Teymurlənglə Toxtamış, Şah İsmayılla Sultan Səlim və Şeybaninin arasındakı qanlı düşmənçilikləri xatırlamaq olar. Orta əsrlərdə qüdrətli türk fatehlərinin arasındakı vaxtaşırı qanlı toqquşmaları Avropa və Ön Asiya xalqlarının tarixi talelərində mühüm rol oynamışdır; təsadüfi deyil ki, Teymurun Bəyazid üzərindəki qələbəsi nəticəsində Avropanın türklər tərəfindən işğalı təhlükəsi sovuşmuş və fransız kralı IV Karl Teymura bu münasibətlə sevinclə dolu məktub göndərmişdi) və bununla da öz sonra farsların hakimiyyəti midiyalılardan qoparmasına şərait yaratdı. İşkuzlarla əlaqədar olaraq bir mülahizə də vardır. Azərbaycan tədqiqatçılarının bəziləri İşkuz etnonimində ―oğuz‖ etnoniminin əks olunduğu söyləyirlər. Bu fikri təsdiqləyən və ya inkar edən fakt yoxdur, başqa sözlə, ola da bilər, olmaya da bilər. Məsələ burasındadır ki, Qara dənizin şimal çöllərində yaşayan skiflərin içərisində ―oğuz‖ etnonimi antik müəlliflərin əsərlərində çəkilmir, halbuki işkuzlar həmin skiflərin bir hissəsi idi və sonra da oralara qayıtmışdılar. Belə baxışlar da mövcuddur ki, asur mənbələrindəki ―işkuz‖, ―aşquz‖ etnoniminin əsl forması ―skud‖dur və semit mənşəli asur dilində əvvələ ―i‖, yaxud ―a‖, sonuna ―d‖ əvəzinə ―z‖ səsi əlavə olunmuşdur (88, 89). Biz bu fikrin əleyhinəyik, ona görə ki, yuxarıda skiflərin şəxs adlarından göründüyü kimi, yunan müəllifləri çox hallarda adların (məsələn, Skil, Sparqapit, Skilur, Liq, Lipoksay və b.) başlanğıcında duran türkmənşəli ―e‖ səsini ixtisar etmişlər. Deməli, fikrimizcə asur mənbələrində işkuz və aşquz kimi yazılan etnonim əslində eskutay, yaxud iskutay olmuşdur. Bunu aşağıdakı etnonimik paralellərdən görmək olar: Herodotun məlumatında Qara dənizin şimal sahillərində skolot (əslində iskul-ut, yaxud eskul-ut), erkən orta əsrlərdə bolqarlarda və müasir türk xalqlarının bəzilərində eseq-el, esk-il, eşq-il. Birinci halda -ut cəm şəkilçisi (skolot-―eskullar‖), ikinci halda isə el, il ―tayfa ‖el‖ (eseq el, “esek tayfası, eli”) bildirir. Beləliklə, eskutay (iskutay), eskulut (yaxud iskulut), eseqel, eskil etnonimlərin, də ―esk (isk)‖ və ―eseq‖ komponenti ayrılır. Onun əsl formasını müəyyən etmək olmur. Belə olduqda işkuzay etnonimində ―oğuz‖ etnoniminin əks olunduğu demək çətindir. Nəhayət, işkuz etnosu ilə bağlı bir məsələ haqqında. İ. M. Dyakonov və İ. H. Əliyev Azərbaycan ərazisini əhatə edən və eradan əvvəl VII əsrdə yaranmış Skif dövləti haqqında yazmışlar (46). Lakin nəzərə alınmalıdır ki, Skif çarlığı dedikdə heç də işkuzların çarlığı nəzərdə tutulmur, ona görə ki, həmin tədqiqatçılar ―skif‖ adı altında Qara dənizin şimal sahillərində yaşayan əhaliyə antik müəlliflərin verdiyi ümumiləşdirici ―skif‖ adını işlədirlər. Skif çarlığı əslində sakların çarlığıdır, ―Bibliya‖da skif çarlığının Aşkenaz adlandırılması da bunu göstərir, çünki Aşkenaz ―sakların (şakların) çarlığı‖ mənasındadır. Lakin işkuzların – aşkuzların azərbaycanlıların təşəkkülünə rolu şübhəsizdir. Azərbaycan ərazisində er. əv. VII - VI əsrlərə aid ―skif tipli‖ (üç pərli) ox ucları (maraqlıdır ki, ―Kitabi Dədə Qorqud‖ eposunda da məhz üçpərli ox ucluğu qeyd olunur) Mingəçirdə və Gədəbəy rayonunda arxeoloji qazıntılar zamanı tapılmışdır.

Saklar

[redaktə]

Er. əv. I minillikdə Orta Asıya və Qazaxıstan çöllərində yaşayan əhalinin əsas hissəsi Sak (əslində Saka, Şaka) adlanmışdır. Onlar köklü yerlilər idilər, çünki arxeoloji qazıntılar onların tunc dövründə başlayaraq arasıkəsilməz mədəniyyət vərəsəliyinə malik olduqlarını göstərmişdir (33).

Arxeloji qazıntılar sakların yalnız 20% -də monqoloid irqin nişanələrini göstərmişdir, deməli, onlar əsasən avropoid irqə mənsub idilər (33, 198-199). Antropoloji cəhətdən Orta Asiyanın və Qazaxıstanın türk xalqlarının təşəkkülündə mühüm rol oynamış saklar Altay tayfaları ilə Aralətrafı ərazinin tayfaları arasında aralıq vəziyyət təşkil edir (yenə orada). Orta Asiya ərazisində yaşayan sakların bir hissəsi antik mənbələrdə massaget adı ilə məlumdur. ―Massaget‖ etnoniminin İran dilləri əsasında izah edilməsi üçün çox təşəbbüs edilmiş və nəticədə qondarma fikirlər alınmışdır. Əslində bu etnonim türk dilləri üçün səciyyəvi m-b əvəzlənməsinə görə mas (“bas”, yəni ―baş‖) sözündən, sak etnonimindən və türk dillərində cəm bildirən “at” şəkilçisindən ibarətdir və ―baş saklar‖ mənasındadır. Onların bir hissəsi eranın əvvəllərində Albaniyanın şimal şərqində, indiki Dərbənd və Vəlvələçay arasındakı ərazidə yaşayırdı. Orta Asiyadakı sakların adı er. əv. VII əsrdə yaradılmış ―Avesta‖ da çəkilir. Diqqəti cəlb edən budur ki, bu mənbədə saklar həm də Tur, yaşadıqları ərazi Turan adlanır. İrançünaslar sakları İrandilli saydıqları üçün turları da İrandilli hesab edir və İran etnosundakı İran – Turan müharibələrini iranlıların iki hissəsi arasında müharibə kimi qələmə verilər. Halbuki, Firdovsinin ―Şahnamə‖sində Turan türklərin ölkəsi kimi göstərilmişdir. Orta Asiyada saklar haqqında er. əv. V əsrdən başlayaraq antik müəlliflər yazmışlar. Lakin onların bəziləri sakları ənənəvi olaraq ―skif‖ adlandırırlar. Sakların bu hissəsi haqqında Avropa və rus şərqşünaslarının çoxlu əsərləri vardır. Biz bu barədə geniş söhbət açmayacağıq. Onların hamısı bu fikirdədirlər ki, ümümiyyətlə, saklar İrandillilər idilər. Eyni fikir Azərbaycan tarixşünaslığında da var. Aşağıda biz bu fikirlərin qondarma olduğunu deyəcəyik və sübüt edəcəyik ki, saklar təmiz türkmənşəli tayfalar idilər, bunun heç şübhəli yeri yoxdur. Saklar Azərbaycan xalqının qədim tarixində dərin iz qoymuş və Azərbaycan xalqının etnogenizində mühüm rol oynamış qədim etnoslardan biridir. Təssüf ki, bu məsələ Azərbaycan tarixşünaslığında indiyədək araşdırılmamışdır. Yuxarıda qeyd etdik ki, er.əv. VII əsrdə kimmerlərin (kəmərlərin) ardınca saklar (antik müəlliflərin əsərlərində ―skiflər‖) Cənubu Qafqaza gəlmiş, buradan da Ön Asiyaya – Manna və Midiya ərazisinə keçmişlər. Bəzi tədqiqatçılara görə, bu hadisə er. əv. 680 –ci ildə baş vermişdir (191). Herodot Midiya çarı Kiaksarın (er. əv. 625-584) hakimiyyəti illərində şimaldan skiflərin Midiyaya gəldiyini yazmışdır. Lakin bu məlumatdan ―skif‖ dedikdə konkret olaraq kimlərin nəzərdə tutulması aydın deyil. Bəlkə də elə bu köçlərdən biri sakların, digər kəmərlərindir. Şimaldan gələn sakların müəyyən hissəsi indiki Şimali Azərbaycan və indiki Ermənistan ərazisində məskunlaşmış, digər hissəsi isə Manna və Midiyaya getmişdir. Sakların azərbaycanlıların etnogenizində rolunu nəzərə alaraq biz əvvəlcə sakların etnik mənsubiyyətini aydınlaşdırmalıyıq. Bu zərurət yuxarıda deyildiyi ki, həm xaricdə, həm də Azərbaycanda tədqiqatçıların sakları İrandilli etnos saymasından irəli gəlir.

S a k l a r d a ş ə x s a d l a r ı. Paruyr (er.əv. VII əsr). V əsr erməni tarixçisi Moisey Xorenskinin əsərində ermənicə ―skaordi‖, yəni “sak oğlu” adlandırılır və erməni çarı kimi qeyd edilir (23). Türkcə bar – ―var‖, ―özüdür‖ və ur – ―varis‖, ―övlad‖ sözlərindən (addakı “y” səsi qədim erməni dilində əlavə olmaq etibarilə türkcə “ur” sözünün ermənicə ―uyr” kimi tələfüzündən və yazılışından irəli gəlir) ibarətdir. Paruyrun etnik mənsubiyyətcə sak olmasını təsdiq edən başqa fakt da var. Moisey Xorenasi yazır ki, Paruyr Midiya çarı Kiaksarın Asuriyanın paytaxtı Nineva şəhərinin tutmasında iştirak etmişdir. Deməli, Paruyr Kiaksarın müttəfiqi idi. Başqa mənbələrdən məlumdur ki, Ninevanın er. əv. 612-ci ildə tutulmasında Kiaksara ermənilər yox (o vaxt hələ ―erməni‖ adı yox idi), məhz skiflər kömək etmişlər. (Midiyalıların və sakların zərbəsinə davam gətirməyən Asur çarı Sinşar – İşkun özünü hərəmxanası və xəzinəsi ilə birlikdə yandırmışdı). Əslində ―skiflər‖ dedikdə saklar nəzərdə tutulmalıdır, çünki Moisey Xorenski Paruyru “sak oğlu” adlandırır. (Acınacaqlısı budur ki, bütün bu tarixi hadisələr Azərbaycan tarixində öz əksini tapmamışdır). S k u n h a (er. əv. 521-ci il). Farsların hakimiyyətinə qarşı üsyan qaldırmış Orta Asiya saklarının başçısının adı. Eskunay adının qədim fars dilinə uyğunlaşdırılmış (başda “e” səsinin düşməsi və ortada “h” səsinin əlavəsi ilə) formasıdır. ―Eskun‖ sözü və “ay” şəkilçisindən ibarətdir. Türkcə es – ―ağıl‖, ―zəka‖ və bir sıra qədim türk şəxs adları üçün səciyyəvi qun, kun – ―knyaz‖ sözlərinə ayrılır. S i r a k. (er.əv. 513-cü il) . II əsrin antik müəllifi Poliyen yazır ki, (Poliyen, hərbi fəndlər, XII, 12) İran şahı I Dara Orta Asiyada yaşayan sakların üzərinə gizli hərbi səfərə hazırlaşdıqda Sirak adlı bir sak özünü qəsdən xəncərlə bir neçə yerdən yaralamış, İran ordusunun düşərgəsinə gələrək guya saklardan incidiyini söyləmiş və farslara qulluq etməyə, farsların saklar üzərinə gedən yola bələdçilik etməyə hazır olduğunu demişdir. Farslar ona inanmış, Sirak isə fars ordusunu qəsdən susuz səhraya aparmışdır. Sirakın onları aldatdığını başa düşmüş farslar onu əzabla öldürmüşlər. Beləliklə, özünü qurban verməklə Sirak sakların farslarla müharibəyə hazırlaşmağına vaxt qazandırmışdır. Güman ki, Sirakın adı türkmənşəli çirak – ―ağıllı‖ (160, III, 2, 2123) sözü ilə bağlıdır. T a n a y. Ön Asiyada bir sak çarının adı (Pompey Troq, I, I, 4). Türk dillərindəki tan (q) – ―valehedici‖, ―möcüzəli‖, ―heyrətli‖ (100, 532) sözündən və ―ay‖ şəkilçindəndir. Bəlkə də bu ad qədim türk dillərindəki tonq – ―dan yeri‖, ―sübh çağı‖ (uşağın dünyaya gəlməsinin sübh olması, yaxud uşağın dan söküləndə doğulması; məsələn, qazaxlarda, başqırdlarda Tantuar şəxs adı ―dan vaxtı doğuldu‖ mənasındadır) sözündəndir. İbn əl Əsir IX əsrdə (1029 –cü ildə) Orta Asiyadan Azərbaycana gəlmiş oğuzların başçılarından birinin Tana adlandığını yazır. ( Oxucu qırğız yazıçısı Çingiz Aytmatovun ―Əlvida, Gülsarı‖ əsərinin qəhrəmanının Tanabay adlandığını xatırlayar). İ ş p a k a y. Mannada sak çarının adı (101, № 65). Türkcə eş, iş – ―dost‖, ―həmdəm‖ (160, I, 2, 1545) və boka – ―pəhləvan‖, ―qüvvətli‖, ―qoluzorlu‖, ―bahadır‖, ―döyüşkən‖ (100) sözlərindəndir. T o m i r i s. (er. əv. 530-cu il) Orta Asiyada saklarda (bəzi mənbələrdə sakların bir qolu olmuş massagetlərdə) qadın xaqanın adı (Herodot, I, 205). İran şahı Kirlə döyüşdə qalib gəlmiş, başını kəsdirərək qanla doldurulmuş tuluğa salmışdır (Məlumdur ki, tuluq və dağar düzəldilməsi türk tayfaları üçün səciyyəvidir). Tomir (Tomar sözünün yunanca təhrifi) adından və qədim yunan dilində şəxs adlarına əlavə olunmuş – “is” adlıq hal şəkilçisindən ibarətdir (Bunu er.əv. II əsr müəllifi Poliyenin bu adı Tamir kimi yazması da göstərir). Ad türkcə tomar – ―qızıl boyunbağı‖, ―hamayıl‖, ―boyundan asılan tilsim‖ sözündəndir. Tomoris etnik mənsubiyyətcə türkdür, sak qızıdır, lakin bilavasitə Azərbaycanla bağlı deyil, ona görə ki, onun başçılıq etdiyi saklar (yaxud sakların bir hissəsinin adı olan massagetlər) Orta Asiyada yaşayırdı. S p a r q a p i t. (er. əv. 530 –cu il, Tomirisin oğlunun adı) . Esbirokbit adının yunanca yazılışına görə təhrifidir. Türkcə es – ―ağıl‖, ―zəka‖, ―dərrakə‖, birok – ―yeganə‖, ―bir‖, və bit – ―boy at‖, ―böyü‖ sözlərindəndir. K a r t a z e s (er. əv. IV əsr). Makedoniyalı İskəndərə Orta Asiyada müqavimət göstərmiş sak çarının adı (Kursiy Ruf, VII, 7, I). Türkcə kartaş (qardaş) sözündəndir. Yunan dilində “ş” səsi olmadığına görə antik müəllif bu səsi “z” səsi ilə vermişdir. Adın sonundakı “es” isə yunan dilində əlavə olunmuş adlıq hal şəkilçisidir. E s l a k. Er. əv. ermənilərə başçılıq etmiş sak çarlarından – ―sak oğlu‖lardan birinin adı (23). Türkcə es - ―ağıl‖, ―zəka‖, ―dərrakə‖,yada monqolca işi – ―müdrik‖ (bax: И. Л. Жуковская. Заметки о монгольслой антропоним. «Ономастика Востока». М., 1980, с. 13) və lak şəkilçisindən ibarətdir. Rəşiddədinin ―Oğuznamə‖ sində oğuz xanlarının şəcərə cədvəlində çəkilən Esli – xanın (azərbaycanlılarda indi də Əsli qadın adı vardır) adı ilə müqayisə olunur. A m o r q. (Er. əvvəl VI əsr) . Orta Asiyada sak çarlarından birinin adı. Ehtimal ki, türkcə amır – ―sülh‖, ―əmin – amanlıq‖, ―sakitlik, ―razılıq‖ (166, I, 59) və uk – ―varis‖, ―oğul‖ sözlərindəndir. Bu çar haqqında məlumat verən Ktesiy (er. əv. V əsr) yazır ki, İran şahı Kir müharibədə sak çarı Amorqu əsir tutdurmuşdu. Lakin Amorqun arvadı Sparetra (bu qadının adı qədim türkcə işi – ―ali mənsəbli qadın‖, börü – ―canavar‖, ―qurd‖ və “tərə”-―doğulmuş‖,―törınmiş‖ sözlərindən ibarət olmaqla ―Qurddan törənmiş xanım‖ mənasındadır) qadınlardan hərbi dəstə təşkil edərək Kirin üstünə getmiş, onu məğlub edərək ərini əsirlikdən xilas etmişdir (―Kitabi Dədə Qorqud‖da Dirsə xanın arvadının 40 qızla ata minib ovdan qayıtmayan oğlunun ardınca getməsi səhnəsini xatırladır). Sakların türkmənşəli olduqlarını müxtəlif türk xalqlarının tərkibində sak (saka, şaka) etnonimini daşıyan tayfaların mövcud olması da göstərir: hələ 600 – 603- cü illərdə Altayda tuvalarda bir tayfa Səkyə (“y” səsi danışıqda əlavə olunmadır, 35, 51, 71), hazırda qazaxlarda Şaqa, Şaxtı (şak etnonimindən və -tı (-lı) şəkilçisindən), özbəklərdə Şakay və Şekey, qırğızlarda Sake və Saka, türkmənlərdə Şaklar və Sakar (sak etnonimindən və ər- ―kişi‖, ―igid‖, ―döyüşçü‖ sözündən), noqaylarda Şaukay, xakaslarda Sakay və Saqay, Altay türklərində Sakait (saka və cəm bildirən –it şəkilçisindən) və Saqal (sak etnonimindən və el – ―tayfa‖ sözündən və s.(bax: 85). Bundan əlavə,yakutların etnik adının Saxa (―Saka”nın fonetik forması), Xakas etnoniminin Sakas (Sak etnonimindən və -as şəkilçisindən, məsələn çuvaş, türkəş, kulas türk etnonimlərində olduğu kimi) adından ibarət olması da nəzərə alınmalıdır. Sakların türkmənşəli olduğunu göstərən üçüncü fakt – Tatarıstanda, Azərbaycanda, İranda və Türkiyədə Şəki adlı yaşayış məntəqələrinin mövcud olmasıdır. İndi Ermənistana aid olan Sisyan rayonunda keçmişdə azərbaycanlıların yaşadıqları bir kənd də Şəki adlanırdı. Həmin Şəki Alban əyaləti Sisakanın mərkəzi kimi VIII əsrdən məlum olan Şəki qalasının adı ilə bağlı idi. Sakların türkmənşəli etnos olduğunu göstərən bir fakt da onların qədimdə spesifik papaq qoymalarıdır. Er. əvvəl 521-ci ilə mənsub Bisütün qaya yazısında və Herodotun əsərində saklar ―şiş papaqlı‖ lar adlandırılır: onların kişiləri keçdən tikilən, dik dayanan, konusvari hündür papaqlar qoyurdular. Belə papaq növü məhz türk xalqlarında mövcud olmuşdur. (Mənbələrdə qeyd olunur ki, Babək ucu şiş xəz papaq qoyurdu). Qədim türk – bolqarlarda bu papaq növü tumak, yaxud çabak adlanırdı (85). Qazaxıstan tarixində yazılır ki, orta əsrlərdə qazaxlar şişuclu, tumak adlanan papaq, yayda isə şişuclu ağ rəngli nazik keçədən kalpak qoyurdular (33,183). Maraqlıdır ki, XIV əsrə aid ―Əcaib - əd- dünya‖ adlı bir mənbədə Gəncə şəhərində cavanların şişuclu keçə papaq qoymaları qeyd olunmuşdur (Bax: И. Д. Михлухо- Маклай. Географическое сочинение XIV в. на персидском языке. Уч. Записки Ин- та Востоковедения, том IX, 1954, с. 208). Ümumiyyətlə, keçə düzəltmək adəti türkmənşəlidir. Altayda er.əv. I minilliyə aid kurqanlarda keçə qalıqları tapılmışdır. İ. M. Dyakonov yazmışdır ki, er. əv. III minillikdə Midiya ərazisində keçə papaq qoyurdular (102, 364). Bir sıra antropoloqlar (T.A. Trofimova, V.V.Ginzburq və b.) Orta Asiyada arxeoloji qazıntılar nəticəsində tapılmış er. əv. VIII – V əsrlərə aid sak kəllə skeletlərində monqoloid irqə məxsus nişanələr aşkar etmişlər (bax: 85). Monqoloid xüsusiyyətlər, əlbəttə, İrandilli əhaliyə aid ola bilməzdi. Deməli, sakların türkmənşəli etnos olmasına heç bir şübhə qalmır. Onları İrandilli (farsdilli) sayan tədqiqatçılar və onları müdafiə edən azərbaycanlı alimlərimiz, o sıradan onlara qoşulmuş bioloq Rəbiyyə Qasımova yanılırlar. İndi biz qısaca Cənubi Azərbaycan ərazisində saklar haqqında danışacağıq. Er. əv. VII əsrə aid bir asur mənbəsində Manna ərazisində Saka adlı bir etnos qeyd olunur (88, 84). Bundan təxminən 200 il sonra Herodot İran dövlətinin X, XI və XIV əyalətlərində sakların yaşadığını yazır. Bu əyalətlərdə yaşayan sakların hamısı şimaldan gələnlər deyildi. Məsələn, İranın XIV əyaləti Orta Asiyanın müəyyən hissəsini əhatə edirdi (Herodot, II, 23). Deməli, bu əyalətdəki saklar elə binadan Orta Asiyada yaşayanlar idilər. Midiya ərazisinə saklar cənub-şərqdən, yəni Orta Asiyadan da gələ bilərdilər. Midiyalıların sakları Orta Asiyadan Midiya dövləti ərazisinə köçürməsi də məlumdur. Midiyanın Orta Asiyadakı əyalətlərinə er. əv. 550-ci ildən sonra əhəmənilər yiyələnmişdilər. Er. əv. V əsrdə yaşamış Ktesiy yazır ki, Əhəmənilər sülaləsinin banisi Kir dövründə Orta Asiya sakları İrana tabe idi. İran ordusunda saklar da vardı. Kirin Babilistanı tutması şərəfinə təşkil edilmiş atçapma yarışında bir sak əsgəri qalib çıxmışdı. 519-cu ilə aid Bisütun qaya yazısında İranın tabeliyindən çıxmış Orta Asiya xalqları (Marquş, yəni Marqiana, Sataquş, Parfiyanlar və b.) ilə yanaşı, saklar qeyd olunmuşdur. Lakin biz Orta Asiya sakları haqqında danışmayacağıq. Herodotun qeyd etdiyi XI əyalət indi Şimali Azərbaycana aid olan ərazinin müəyyən hissəsini – Kürlə Araz birləşdikdən sonra Xəzərədək olan hissədən cənubdakı ərazini də əhatə edirdi. Lakin bu ərazi tarixən Mannaya, sonra Midiyaya, er. əv. 550-ci ildən 331-ci ilədək İran Əhəmənilər dövlətinə, bu dövlət Makedoniyalı İskəndər tərəfindən tarmar edildikdən sonra isə Atropatenaya mənsub olmuşdur. Bu əyalətin coğrafi koordinatları dəqiqliyi ilə məlum olmasa da ehtimal ki, oraya Xəzər dənizinin cənub – qərb sahilləri də daxil idi. Herodot məhz burada başqa tayfalarla – pantimat,pavsik və doreytilərlə yanaşı, sakların yaşadığını yazmışdır. Qədim mənbələrindən aydın olur ki, bu əyalətdə saklar iki mahalda məskun idilər: Sakasində və Balasakanda. Strabon (I əsr) Atropatena ərazisində Sakasena adlı əyalətin adını qeyd edir (Strabon, XI, 7, 2). Bu ad saka etnonimindən və türkcə mənsubiyyət bildirən sin (çin, şin) şəkilçisindən ibarətdir. Həmin Sakasena (əslində Sakaşin) Astara rayonunun ərazisində Sakaşon və Sakşon toponimlərində indiyədək qalmışdır. Buradan belə nəticəyə gəlmək olar ki, bu Sakaşin talışların əcdadları olan kadusların ərazisində yerləşirdi. Çünki er.əv. V əsr müəllifi Ksenefont da gurganların və kadusların qonşuluğunda sakların yaşadığını yazmışdır (Ksenefont, V, 3, 24). Bu əyalət, yuxarıda deyildiyi kimi, o vaxt Midiyaya, indi Şimali Azərbaycana aid olan Muğanı və Lənkəran – Astara bölgəsini də əhatə edirdi. Qədim indiki Muğan və Salyan düzlərində kaspilər məskun idilər və ona görə bu ərazi antik müəlliflərin əsərlərində Kaspiana adlanırdı. Saklar gəldikdən sonra bu əyalət Balasakan (türkcə pala – ―düzənlik‖ sözü (V.V.Radlov, IV, II, 1162) və sak etnonimindən) adlanmışdı. Balasakan toponimi ilk dəfə III əsrdən məlumdur. Axırıncı dəfə Balasacan formasında bu adı XIII əsr müəllifi Yaqut Həməvi çəkir (32). Ehtimal ki, eradan əvvəlki son əsrlərdə saklar kaspiləri sıxışdırmış və onların ərazisinə yiyələnmişdilər. Bir antik mənbədə kaspilərin ətrafında at əti yeyənlərin yaşadığı göstərilir. ―At əti yeyən‖ bu köçərilər güman ki, saklar idilər. Herodot sakların həm də İranın X əyalətində yaşadığını yazır (Herodot, III, 92). Bu əyalətin də coğrafi hüdudları məlum deyil. Amma Herodot orada saklarla yanaşı akbatanları (yəni, qədim Midiyanın paytaxtı Akbatan şəhərinin əhalisini) da qeyd edir. (Herodot, III, 92). Ehtimal ki, bu saklar məhz er.əv. VII əsrdə Asur mənbəində qeyd edilən Sakadır. Bu saklar daha kompakt qrup idi. Məhz həmin saklar erş əvvəl 522-ci ildə farsların hakimiyyətinə qarşı üsyan qaldırmışdılar və İran şahı I Dara onları er. əv. 519-cü ilə aid Bisütun qaya yazısında ―şişpapaxlı sakalar‖ adlandırır. Sakların bu hissəsi Cənubi Azərbaycanda azərbaycanlıların etnogenezində mühüm rol oynamışlar. Oradakı Gəncə də məhz bu sakların yaşadığı ərazidə yaranmışdı. Məlumdur ki, er. əv. II əsrdə Atropatena dövlətinin paytaxtı fars mənbələrində Qanzak adlanan şəhər idi. Antik müəlliflərdən Strabon, Pliniy və Ptolemey bu şəhərin adını Qazaka və təhrif olunmuş Zazaka kimi yazırlar (bax: 113). V əsr erməni tarixçisi Favst Buzand isə onu Qandzak kimi qeyd edir (Favst Buzand, III, 7). Bu adların hamısı Gəncə, yaxud Gəncək toponiminin müxtəlif dillərdə təhrif formalarıdır. Urmiya gölündən cənub – şərqdə, Mağaranın 6 fərsəngliyində yerləşən Gəncə şəhərində azərbaycanlıların Od məbədgahı yerləşirdi. IX əsr ərəb coğrafiyaçısı İbn Xordadbeh bu toponimi Cənzə (I,16), XIII əsr ərəb coğrafiyaçısı Yaqut Həməvi isə Cəznək (Cənzəkin təhrifi) kimi yazırlar (32, 23). Gəncə toponiminin mənası haqqında yazmış tədqiqatçılar onu fars dilindəki gənc – ―xəzinə‖ sözü ilə əlaqələndirmişlər. Bu inandırıcı fikir deyil. Həm Atropatenada, həm də Albaniyada sakların yaşadığı ərazilərdə yaranmış Gəncə (Gəncək) toponimlərini biz sakların içərisində Gəncək adlı tayfanın olması ilə bağlayırıq. Mahmud Qaşqari Orta Asiyada – qədimdə sakların yaşadığı ərazidə türk tayfalarından birinin Gəncək adlandığını yazmışdır. Gəncək etnoniminin ikinci hissəsi olan “cək” komponenti türk dillərində s - ç əvəzlənməsinə görə məhz sak etnonimini əks etdirir. Qədim mənbələrdə Azərbaycanda həm iki Gəncənin Qanzak adlanması da bununla əlaqədardır. Orta Asiyada orta əsrlərdə bir neçə Gəncək adlı şəhər məlumdur (bax: 28). Cənubi Azərbaycan ərazisində hazırda əhalisi azərbaycanlılardan ibarət olan dörd Gəncəbad, Gəncə, Gəncərud kəndlərinin (bax: 85) adları da bu tayfanın adını əks etdirir. Azərbaycanın cənubunda və şimalında Gəncə şəhər adlarını farsca gənc – ―xəzinə‖ sözü hesab edən tarixçimiz (50, 60) (o, bu fikri Avropa tarixçilərinin əsərlərinə əsasən irəli sürür) bilmir ki, mənşəcə Orta Asiya sakları ilə bağlı olan qazaxlarda, qırğızlarda, özbəklərdə və türkmənlərdə indi də gəncə, və qəncə adlı tayfalar və onların adları ilə bağlı çoxlu Gəncə adlı yaşayış məntəqələri vardır. Orta Asiyada Gəncək şəhəri X əsrdən məlumdur və bu barədə mənbələrdə kifayət qədər məlumatlar vardır. Keçən əsrdə Şimali Qafqazda Gəncə - Aul, Gəncəçay, Gəncə və b. kəndlərin adları da (bax: 153) olmaya ―xəzinə‖ deməkdir? Pəhləvi dilində olan bir mənbədə deyilir ki, Aturpatakanda Gəncə şəhərini turanlı Əfrasiab tikmişdir (114, 19). Bu ―Avesta‖da adı çəkilən və iranlıların (farsların) qatı düşməni sayılan Turan padşahı Franqrasian adlı şəxsdir. Franqrasian ―Şahnamə‖də Əfrasiab adlandırılmışdır. Çox güman ki, Franqrasian Əfrasiab adının yazılış formasıdır. Əfrasiab türkcə abra – ―xilas edən‖, ―qoruyan‖, ―saxlayan‖, ―xeyir verən‖,‖böyük xidmət göstərən‖, ―ehtiyacdan qurtaran‖ (166, I, 59-60) sözündən, - si (çi) şəkilçisindən və ən, əb ―bacarıqlı‖, ―mahir‖, ―fərasətli‖, ―işcil‖ (166, I, 287) sözündən ibarət addır. ―Əfrasiab‖ türkcə ―Abrasiəb‖ adının farslaşdırılmış formasıdır və tədqiqatçıların bu adı farsmənşəli saymaları qondarmadan başqa bir şey deyil.Ehtimal ki, Əfrasiab tarixi şəxsiyyətdir və Midiyada yaşayan sakların – turların başçısı olmuşdur. Doğrudur, mənbələrdə onun haqqında məlumat yoxdur. ―Avesta‖da deyilir ki, tur (sak) tayfasından olan Franqrasian iranlıların (arilərin) Arvyuşayana ―ölkə‖ sini tutmuş, lakin İran şahı Keyxosrov onu Çiçəst (indiki Urmiya) gölü yanında öldürmüşdür (bax: 114). Maraqlıdır ki, Nizami Gəncəvi ―Xosrov və Şirin‖ poemasında Şirinin Əfrasiab nəslindən olduğunu yazmışdır. Şirin ―Qara gözlü türkəm bu dam üstə mən‖ deyir. Mehinbanunun Şirinə dediyi ―Əgər Xosrov Keyxosrovdursa, biz Əfrasiab‖ sözləri də diqqəti cəlb edir. Burada bu qarışıq məsələdən geniş danışmaq imkanı yoxdur. Onu demək istəyirik ki, saklar həm də turanlar adlanmışdır. Maraqlısı budur ki, Cənubi Azərbaycanda həm sak (Sakan, Sakani, Sakene, Şaqali, Şakabad və b.), həm də turan etnonimini (Turan, Turanqala, Turani, Turanpoşt və s. (200) əks etdirən, əhalisi azərbaycanlılardan ibarət kəndlər vardır. İndi isə Şimali Azərbaucan və indi Ermənistan adlanan ərazilərdə məskunlaşmış saklar haqqında. Saklar miladdan qabaq VII əsrdə Cənubi Qafqazda məskunlaşdıqdan sonra çarlıq yaratdılar. Tarixşünaslıqda bu ―Skif çarlığı‖ adlanır (102, 242), lakin yuxarıda dediyimiz kimi, bu Sak çarlığı idi. İ.M.Dyakonovun belə bir fikri var ki, çarlığın mərkəzi indiki Gəncə bölgəsini əhatə edən Sakasena idi (102, 250). Çarlığın məhz Sak çarlığı olması onun Bibliyada ―Aşkenaz‖adı ilə göstərilməsi ilə təsdiq olunur, çünki ―Aşkenaz‖ saklara verilmiş ad sayılır. Təxminən er. əv.VII əsrdə, Urartu dövləti süqüt etdikdən sonra yaranmış bu çarlıq indiki Ermənistan ərazisini, Kürdən aşağı indiki Şimali Azərbaycan ərazisini və İ.M. Dyakonova görə, hətta Mannanı da əhatə edirdi (102, 50). Ermənistan ərazisində ilk dövlət qurumu da məhz Sak çarlığı kimi təşəkkül tapmışdır. IV əsr erməni tarixçisi Koryon yazmışdır ki, ermənilər Aşkenazın (Bibliyada sakların dövləti belə adlanır) nəslidir, yəni ermənlər sakların tabeliyində idilər. Sak çarlarının qədim erməni mənbələrində skaordinlər – ―sak oğlu‖lar adlanması da bununla bağlıdır. Alban tarixçisi Musa Kalankatlı yazır ki, Haykın oğlanları (yəni, ermənilər) Paruyur skaordidən sonra çarlıq etməyə başladılar. Bununla əlaqədar olaraq Vəsr erməni tarixçisi Moisey Xorenasinin bir məlumatının rusca tərcüməsini olduğu kimi veririk: ―Мы (yəni Moisey Xorenasi – Q.Q.), было забыли свирепого мужа Слака (türkcə Eslak adının qədim ermənicə yazılışı, əslən saklardandır, - Q.Q.), который не могу сказать наверное, от Хайка (yəni ermənilərdən) ли происходит, или от аборигенов, бывших в стране бо него, о чем повествуют древние сказания‖ (23, I, 21). Bu məlumat “ölkədə ermənilərə qədər aborigenlər” ifadəsi yuxarıdakı fikrimizi aydınlaşdırır. Erməni tarixçisi Moisey Xorenasi Ermənistanda çarlıq etmiş çarların adlarını qədim ermənicə belə verir: Paruyr (müəllif yazır ki, o, Skaordinin oğludur və Ermənistanda hakimiyyətə Midiya çarı Arbak tərəfindən təyin edilmişdir), Hraçeay, Parauas, Paçuiyc, Kornak, Panos, Haykak II, Ervand, Tiqran (23, I, 21) və b.Qədim erməni dilinin xüsusiyyətlərinə görə təhrifə məruz qaldıqlarından Paruyr, Kornak və Parauas adlarından başqa qalanlarının əsl formalarını bərpa etmək və aydınlaşdırmaq çətindir. Paruyr şəxs adı haqqında yuxarıda demişik. Kornak adı türkcə kur – ―möhkəm‖, ―cəsur‖, ―səbatlı‖ (ər) (166, II, 106) və ınak – ―dost‖ sözündən ibarətdir. Parauas şəxs adı bizcə Barayaş, yaxud Borayaş kimi bərpa edilə bilər və güman ki, börü – ―canavar‖, ―qurd‖ və eş – ―dost‖ sözlərindən ibarət olmaqla Midiyada Buriaş şəxs adı ilə eynidir. Göstərilən adların türkmənşəli olması N.Y.Marrın belə bir fikri ilə təsdiqlənir ki, Ermənistanın bir bölgəsində saklar məskunlaşmışdılar (132, V, 195). Erməni tarixçisi Q. Kapanasyan açıq yazır ki, Hayasa ölkəsinin cənubunda və cənub şərqində hərəkatın başında saklar dururdular (III, 150). Sakların digər hissəsi Şimali Azərbaycan ərazisində yaşayırdı. İndiki coğrafi koordinatlarla göstərilsə, burada saklar Şəki, Şakaşen, Sisakan və Arsak bölgələrində məskun idilər. Oxucu diqqət yetirsə görər ki, bu toponimlərin dördündə də Sak, Şak etnonimi əks olunmuşdur. 1. Ş ə k i. Burada hələ II əsr müəllifi Ptolemey Osika adlı şəhər qeyd etmişdir (V, XI, 4). Tədqiqatçılar bu adı Şəki adının təhrifi hesab edirlər. Daha sonra III əsrə aid parfiya dilindəki mənbədə bu bölgədə Sukn (103), ―VII əsr Erməni coğrafiyası‖nda Sekan (19), VI əsrə mənsub mənbədə Şəki, IX-X əsr ərəb coğrafiyaçılarının əsərlərində Şəkkan toponimləri çəkilir ki, bütün bunlar indiki Şəki adının təhrif formalarıdır. 2. S a k a s e n a. I əsr müəllifi Strabon Kürdən cənubdakı ərazidə Sakasena əyalətinin adını çəkir. Alban tarixçisi Musa Kalankatlının əsərindən aydın olur ki, həmin Sakasena indiki Gəncə bölgəsidir, çünki o, Gəncə şəhərinin Şakaşendə yerləşdiyini yazır (22, II kitab, 23-cü fəsil). Onu da deyək ki, bu əyalətin sakları ―sakesin‖ adı ilə er. əv. IV əsrdən məlumdur. II əsr müəllifi Flaviy Arrian yazır ki, sakesinlər və albanlar İran ordusunun tərkibində sağ cinahda İskəndərə qarşı döyüşlərdə iştirak edirdilər (Arrian, III, 84). Oxucu yəqin hiss etdi ki, Strabon ―Sakasen‖ adında iki toponim qeyd edir: biri Atropatenanın, digəri Albaniyanın ərazisində. Qeyd edilməlidir ki, mənbələrdə üçüncü Sakasena indiki Türkiyənin şərqində çəkilir (191, 177). Bu faktın aşağıdakı qiymətli cəhəti var. Azərbaycan tarixşünaslığında deyilir ki, Sakasena ―Saka‖ etnonimindən və yer mənasında İranmənşəli “şayana” sözündən (bu fikri keçən əsrin axırlarında alman şərqşünası Hubşman ortaya atmış, sonra İ.M.Dyakonov mənimsəmiş, tarixçilərimiz də tapıntı kimi əsərlərinə salmışlar) yaranmışdır, başqa sözlə guya toponimin sonluğu ―şauana‖nın fonetik şəkli olan ―şen”dən ibarətdir (102, 251). Erməni tarixçiləri bundan bərk yapışır və “şen” sözünü ermənilərin qədimdə Gəncə bölgəsində yaşadığını göstərən fakt kimi qələmə verirlər. Lakin ‖Sakasena‖ toponiminin Albaniyada, Atropatenada və həm də Kiçik Asiyada (Qarsda) olması (191, 177) göstərir ki, bu adda nə İranmənşəli “şauana”, nə də ermənicə “şen” sözü ola bilməz. Əslində Y.B.Yusifovun haqlı olaraq qeyd etdiyi kimi, Sakasen (sondakı “a” səsini yunanca Strabon əlavə etmişdir) toponimdəki “sen” sözü türkcə “şin” sözünün fonetik şəklidir (186, 25, 35). Həqiqətən də bir sıra türk tayfa adlarında sin, şin, çin sözləri vardır: Alşın, Bulqasın, Kabukşın və s. (bax: 85). Türkmənşəli Quqar tayfasının adı ilə başqırdlarda bir tayfa indi də Kuqarsin adlanır. Xəzərlərdə iki şəhərin Sarişin və Saksin adlanması məlumdur. Cənubi Azərbaycan ərazisində Üskiyə mahalında Macarşin (macar etnonimindən və -sin, -şin şəkilçisindən), Xuvarlı mahalında Avarsin (avar etnonimindən və -sin şəkilçisindən) adlı kəndlər vardır. II əsr müəllifi Arrian da bu Sakesenalıları məhz ―Sakesin‖, Bəlazuri Şakşin kimi yazmışdır. Deməli, Sakesin toponimi oralarda məskunlaşmış sakların öz dillərində yaranmış addır və əsl forması Sakasin, yaxud Şakaşindir. Sakların bu hissəsinin – sakaşinlərin azərbaycanlıların etnogenizində mühüm rolu onunla izah olunur ki, yuxarıda deyildiyi kimi, Gəncə toponimi məhz bu əyalətdə yaranmışdı. Yuxarıda biz digər Gəncənin Cənubi Azərbaycan ərazisində, Sakada yerləşdiyini demişik. Ümumiyyətlə, Orta Asiya, Qazaxıstan və Azərbaycan türklərinin etnogenezində sakların rolu məsələsi xüsusi tədqiqat mövzusudur. Nəzərdə tutulmalıdır ki, oda sitayiş üçün məbəd tikilməsi İran xalqları (taciklər, əfqanlar, osetinlər, farslar, kürdlər və b.) üçün səciyyəvi deyildi, onlar atəşpərəst olmamışlar. Bu ibtidai din formasını Azərbaycana saklar gətirmişdilər. Cənubi Azərbaycan ərazisində Gəncə şəhərində baş Od məbədinin mövcud olması da bununla əlaqədar idi. 3. Sisakanda (Zəngəzurda) yaşayan saklar tarixi ədəbiyyatda sisaklar adlanırlar, çünki indi çox hissəsi Ermənistanın, az hissəsi Azərbaycanın tərkibində olan Zəngəzur mahalı ―Alban tarixi‖ndə Sisakan (Sisakan toponimini ilk dəfə Suriya müəllifi Zaxariy Ritor 554-cü ildə çəkmişdir (56) və V əsr erməni mənbələrində Syuni adı ilə məlumdur. ―VII əsr Erməni coğrafiyası‖nda da bu toponim Sisakan kimi yazılır. Sisakan erkən orta əsrlərdə Albaniya tarixində böyük rol oynamışdır, çünki buranın öz müstəqil çar sülaləsi vardı. Ona görə əvvəlcə onun tarixinə qısaca nəzər salaq. Sisakan adının sak etnonimini əks etdirdiyini vaxtilə N. Y. Marr yazmışdır (132, V, 270). Lakin saklar İrandillilər sayılsalar da erməni tarixçiləri binadan Sisakanı erməni əyaləti sayır və deməli, onun çarlarının da etnik mənsubiyyətcə erməni olduğunu yazırlar. Azərbaycanlı tədqiqatçılarımız bu saxtakarlığa qarşı arqumentli cavab verə bilmirlər. Əvvəla, qeyd edək ki, əgər Sisakan əyaləti ermənilərin qədimdən məskunlaşdığı ərazi olsaydı, onda sakların etnik adını daşımazdı. İkincisi, Siuni hakimləri Aranşahlar adını daşımazdılar. Üçüncüsü, ―Alban tarixi‖ndə yazılır ki, Alban kilsəsi ilə erməni kilsəsi arasında 607-ci ildən ixtilaflar kəskinləşdikdə siunilər erməni kilsəsindən aralanaraq albanlara qoşulmuş və Alban kilsəsinin tabeliyinə keçmişdi (―Alban tarixi‖, s. 217, 220). Ermənilərin Sisakana gəlməsi VIII əsrdən sonra ərəb xəlifəsinin alban kilsəsinin erməni kilsəsinə tabe etməsindən sonra başlanmışdır. Sisakan toponimi ―Si‖ və ―Sakan‖ (Balasakan toponimində olduğu kimi) hissələrindən ibarətdir. ―Sakan‖ komponenti Sak etnoniminə və - an şəkilçisinə ayrılır. Deməli, bu ad ―Si sakları‖ mənasını verir və indiyədək Ermənistanda Sisyan rayonunun adında qalır. Adın birinci komponenti olan ―Si‖ sözü Sisakanda hakimiyyətdə olmuş bir sülalənin adıdır (191). Başqa sözlə, Si sülaləsi sakların içərisində bir tayfanın adı idi. Qədim türklərdə Si (Çin mənbələrində Xi) tayfasının adı məlumdur (35, 65, 70, 71, 72, 77-180). Erkən orta əsrlərdə bu tayfa Altayda və Tuva ərazisində Dalay-Nor gölü vadisində yaşayırdı. Göstərilir ki, Si tayfası orada hunların bir qədim qolunun adıdır (35, 65). Güman ki, Sak tayfalarından olmuş Si tayfasının bir hissəsi Mərkəzi Asiyada qalmış və sonra hunların tərkibinə daxil olmuş, sakların tərkibində olan hissəsi isə Sisakan adlanmış əyalətdə hakim sülaləyə çevrilmişdir, yaxud sülalə sakların içərisində bu tayfanın əlində cəmlənmişdir. Ona görə də burada məskunlaşmış saklar ―Si sakları‖ adlanmış və beləliklə Sisakan adı yaranmışdır. Qədim erməni mənbələrində və ―Alban tarixi‖ndə Si-sakan etnonimi qısaldılmış şəkildə Sisak kimi yazılmışdır. Lakin erməni mənbələrində ―Sisakan‖ adı çəkilmir, əvəzinə Syuni (əslində Siuni olmalıdır, ―s‖ səsindən sonra ―i‖ səsinin düşməni və ―y‖ səsinin əlavə olunması qədim erməni dili əsasında baş vermişdir) adı verilir ki, bu da məhz yuxarıda çəkdiyimiz Si etnonimindən və qədim erməni dilində mənşəcə Urartu dilinə aid olan, yer və tayfa adlarına əlavə edilən –uni şəkilçisindən ibarətdir. Deməli, Urartu dilində ―uni‖ şəkilçisi erməni dilinə keçmiş və Si tayfasının (sülaləsini) adına əlavə edilmiş və nəticədə Siuni (qədim ermənicə Syuni) adı yaranmışdır. Erməni tədqiqatçıları Siuni adının mənşəyini tapa bilməmişlər və ona görə bu adı Urartu mənbələrində Göyçə gölü ətrafının adı kimi çəkilən Etiuni (qədim erməni mənbələrində Uti) adı ilə eyniləşdirmişlər. Halbuki Urartu mənbəində Etiuni (sonra qədim erməni mənbələrində -Uti) müxtəlif mənşəli adlardır və onların eyniləşdirilməsi səhvdir. Urartu dilində Su-ini ―Su‖ mənbəi‖ (göl və s.), həm də ―Gölətrafı (ərazi)‖ mənalarındadır, çünki bu toponim Urartu dilindəki su ―su‖ və ―uni‖ şəkilçisindən ibarətdir. (bax: И. И. Мещанинов. Аннотированный словарь урартского языка. с. 264, 265). Urartu dilinə aid ―su‖ sözü erməni dilində ―sov‖ kimi qalmışdır və deməli, Göyçə gölünün ermənicə adı olan ―Sevan‖hidronimi məhz Urartu dilindəki ―su‖ sözündəndir. Beləliklə, Urartu dilində ―Su-ini‖ (Göyçə gölü və onun ətraf ərazisi) ilə ermənilərin Sisakana verdiyi Syuni (əslində ―Si-uni‖) müxtəlif mənşəli, lakin zahirən oxşar adlardır, çünki birincisində ―su‖ (göl, su), ikincisində Si (etnonim) komponentləri iştirak edir. Aydın oldu ki, Sisakan toponimi ermənicə deyil və həm də bu adda İranmənşəli ―kan şəkilçisi yoxdur. ―Alban tarixi‖ndə qeyd olunur ki, bu adı farslar deyirlər. Buradan belə nəticə çıxır ki, Sisakan adında ―an‖ şəkilçisi farscadır. Sakların məskunlaşdığı bu bölgədə Si sülaləsinin hakimiyyəti er. əv. başlanmışdır. Çünki eramızın I əsrinin 60-cı illərində Albaniyada hakimiyyətə keçmiş Ərən (ermənicə yazılışda Aran və Eran) ―Alban tarixi‖ndə yazıldığına görə məhz Sisak sülaləsindən idi. Eranın əvvəllərində Ermənistan Parfiya dövlətinin tərkibinə daxil edildikdən sonra Parfiya çarı öz qardaşı Valarşakı Ermənistana çar göndərmiş. Valarşak isə Albaniyaya Sisak nəslindən Aran (Ərən) adlı bir nəfəri çar təyin etmişdi. Buradan aydın olur ki, Sisak sülaləsi I əsrdə artıq tanınmış hakim sülalə idi. Ərən şəxs adının türkcə olması Sisak sülaləsinin türkmənşəli olduğunu göstərən tutarlı faktlardan biridir. Sisak sülaləsindən Ərəndən sonrakı çarların adları məlum deyil və ona görə də bu sülalədən olan hökmdarların Albaniyada hakimiyyətdə olduqları müddətin şəcərəsi bilinmir. Lakin görünür, onların hakimiyyəti IV əsrdən bu yana keçmir. V əsr erməni tarixçisi Yegişe (Eqişe, V fəsil) albanlarda çar nəslinin Qnuni adlandığını yazmışdır (451-ci ildə Sasanilərə qarşı üsyanda iştirak edən Alban hakimi Vahan bu nəsildən idi). Qnuni etnonimindəki ―uni‖ sözü qədim ermənicə yazılışda əlavə olunmuş, əslən urartu dilinə mənsub şəkilçidir. Ehtimal ki, ermənicə yazılışda təhrifə uğramış ―qn‖ sözü məhz ―Qun‖ ―hun‖ kimi bərpa oluna bilər və deməli, hakimiyyətdə hun mənşəli sülalənin olması ehtimal edilə bilər. Həmin hun sülaləsi isə eranın əvvəllərindən Albaniyanın şimal-şərqində yaşamaqda olan maskutlardan idi. Təsadüfi deyil ki, Alban çarı Vaçe hakimiyyətdən əl çəkdikdə məhz Maskut əyalətinə getmişdi. IV əsrdə bütün albanlarla birlikdə Sisakan əhalisi də xristian dinini qəbul etmişdi. Bu sülalənin nümayəndələri ―Saklı‖ (ərəb mənbələrində ―Səhl‖) ləqəbini daşıyırdılar. ―Səhl‖ (yəni Sisak) sülaləsinin ən məşhur nümayəndəsi Səhl ibn Sunbat idi. O, Babəki tutub ərəblərə vermişdi. Səhl Sunbatın qalası Şəki idi. Ərəblərin Azərbaycanı işğal etməsindən sonra Sisakanın xristian hakimləri ―məlik‖ adlanırdılar. Səhl ibn Sunbat da məlik idi və ―Kitabi Dədə Qorqud‖da Şöklü Məlik (―Şəkili Məlik‖ adının təhrifi) ehtimal ki, məhz Şəki hakimi Səhl Sunbatdır. Qeyd edilməlidir ki, Bəzz qalasının hakimi, xürrəmilərin başçısı Cavidan da ərəb mənbələrində Cavidan ibn Səhlək adlanmışdır. Cavidanın qəbrinin Zəngəzurda Pir-Davidan adı ilə indiyədək qalması da bununla bağlıdır. IX əsr ərəb coğrafiyaçısı İbn Xordadbeh Muğanın hakiminin Şəklə olduğunu yazır (I, 16). Sisakan Alban çarlığı daxilində müstəqil xanədanı olan əyalət idi. Əhalisi albanlarla etnik mənsubiyyətcə eyni olduğuna görə Sisakan Albaniya ilə daha sıx münasibətlərdə idi. Alban tarixçisi Musa Kalankatlı Syunidən maldarların öz heyvan sürülərini Kür və Araz sahillərindəki qışlaqlara gətirdiklərini yazmışdır (―Alban tarixi‖, II kitab, 26-cı fəsil). Sisakanda hakimiyyətdə olmuş sülalənin bütün hakimlərinin adları ardıcıllıqla məlum deyil. Xristianlığın qəbulundan sonra ―Bibliya‖dan keçmə adlar geniş yayılsa da, sülalənin bəzi çarlarının adları türkcədir. Onların bəziləri ilə oxucunu tanış edək. P i s a k. Sak nəslindən hakim adı (Favst Buzand, III kitab, 20-ci fəsil). Türkcə pi – ―başçı‖, ―knyaz‖, ―şahzadə‖ (166, II, 97) və sak, çar (bax Taksak adına) sözlərindəndir. V a s a k (IV əsr). İranın Sisak sülaləsindən Ermənistana təyin etdiyi hakimin adı. Erməni tarixçisi Moisey Xorenasi V əsrdə Syunidə bir hakimin adını da Vasak kimi qeyd edir. (IX əsrin əvvəlində Syunidə hakimiyyətə keçmiş yerli sülalənin ilk çarı da 812-ci ildə ölmüş Vasak adlanırdı). IV əsrdə Qərbi Hun xaqanlığının xanlarından biri Vasik (Bizans mənbəində qeyd olunmuşdur) və Ermənistanda türk cinli tayfasında sərkərdə Vasak Mamikonian (əslində Mamiqun) adları ilə eynidir. Mənasını aydınlaşdıra bilmədik. Y. B. Yusifov türkmənşəli Basa adı ilə eyniləşdirir (186, 27). O, Vasik (Basak) adının türk dillərində ―basmak‖ feli əsasında ―qalib‖, ―fateh‖ kimi mənalandırır. A n d o k. V əsrdə Sisakan hakiminin adı. Anduk şəxs adının ―u‖ səsinin ―o‖ səsi ilə əvəzlənməsi ilə ermənicə yazılışıdır. Türkcə on (onq) – ―həqiqi‖, ―düzgün‖, ―doğruçul‖, ―düzdanışan‖ sözü (166, I, 457) və duk (-luk) şəkilçisindəndir. Bu şəxs adının qədim türkcə onq (sonra ―nq‖ qovuşuq səsinin ―n‖ səsinə keçməsilə) – ―qismət‖, ―tale‖, ―nəsib‖, ―xoşbəxtlik payı‖ (100, 367) sözündən və - duk (-luk) şəkilçisindən ibarət olduğu da güman edilə bilər. Q d i x o n. V əsrdə Syunidə şəxs adı. Qədim ermənicə yazılışında təhrifə uğramış bu ad qədim türkcə qed – ―qüvvətli‖, ―möhkəm‖, (100, 292) və bir sıra türkmənşəli şəxs adları üçün (er. əv. VI əsrdə saklarda Skunha, Ermənistanda cinlilərin III əsrdə əcdadı olan və ermənilərin Mamikon və Mamikonian şəklinə saldıqları Mamiqun, V əsrdə Cucan xaqanlığının xanı Anaxun, monqollarda XIII əsrdə Çormaqun, Arqun (1284-1291) və b.) səciyyəvi qun – ―knyaz‖ sözündən ibarətdir. S u n b a t (IX əsr). Ərəb mənbələrində Səhl ibn Sunbat formasında yazılmış ad türkcə sun – ―gözətçi‖, ―keşikçi‖, ―nəzarətçi‖ (160, IV, I, 692) və bat – ―mətin‖, ―bahadır‖ sözlərindən ibarətdir. Bu adın ikinci komponenti olan ―bat‖ sözü albanlarda Urbat, VI əsrdə Orta Asiyada ağ hunlarda (eftalilərdə) Qrunbat, türk bolqarlarda Kurbat (583-642), 755-ci ildə Xorasanda ərəblərə qarşı 70 gün üsyan qaldırmış türk Sunbad, XII əsrdə Azərbaycanda Oğuz-Səlcuq əmirlərindən Əbubəkr Bahaəddin Sunbat və b. şəxs adlarının sonlarındakı ―bat‖ sözü ilə eynidir. Göründüyü ki, Si sülaləsinin hakimləri etnik mənsubiyyətcə türk idilər. Syunini əvvəlcədən erməni əyaləti, əhalisini ermənilər hesab etməklə erməni tarixçiləri savadsızlıqlarını nümayış etdirirlər. Bu sülalənin Sisakanda hakimiyyəti min ildən çox davam etmiş və IX əsrdə kəsilmişdir. Sonra onu türk cinlilərdən Orbelianlar sülaləsi əvəz etmişdir. Türk cinli tayfası haqqında biz əsərlərimizin birində qısaca yazmışıq (3). Təssüf ki, xalqımızın etnogenezində rol oynamış türk cinlilər Azərbaycan tarixşünaslığında indiyədək qəti olaraq tədqiqat obyektinə çevrilməmişdir. Cənubi Qafqazda cinlilər həm Ermənistanda, həm də Gürcüstanda III-IV əsrlərdən məskun idilər. Ermənistandakı cinlilər IV əsrdə xristian dinini qəbul etmişlər. VIII əsrə qədər ermənilərin qoşunlarının başçılarının hamısı cinlilərdən ibarət idi. Cinlilərin əcdadı Mamiqun adlı başçının adı ilə ermənicə Mamikonian ―Mamiqunlar‖ adını daşıyırdılar (bax:3). Gürcüstanda, Kür çayının sahillərində yaşayan cinlilər əvvəlcə xristian dinini qəbul etməmişdilər. Onların yaşadığı qala indi gürcücə Şamşvilde adlanır ki, bu da türkcə ―Üç ox‖ (gürcücə sami ―üç‖, şvilde ―ox‖ deməkdir) adının tərcüməsidir. ―Sisakan tarixi‖ əsərinin müəllifi, əslən türk cinli olan Stepan Orbelian (atasının adı Tarsancdır, bu adı Xəzərlərin sərkərdələrindən biri, bizans mənbələrində çəkilən Tarmaç adı ilə müqayisə etmək olar) yazır ki, cinlilər III əsrdə Çin-Bakurun başçılığı ilə Dəryal (türkcə dar ―darısqal‖ və ―yal‖ sözlərindən ibarət olan bu ad sonra – farsca Dar-alan ―Alan qapısı‖ kimi izah adilir. Halbuki heç bir mənbədə bu toponimin ―Daralan‖ forması yoxdur) keçidi vasitəsilə şimaldan Gürcüstana gəlmiş və gürcü çarı onları hörmətlə qəbul edərək yerləşmələri üçün Orbeti (―Qartal yurdu‖ deməkdir) qalasını vermişdi. Cinlilərin hakim sülaləsi bu qalada yaşadıgına görə Orbeli adlanırdı. Bu sülalə min ilə yaxın hakimiyyətdə olmuş və 1117-ci ildə süqut etmişdir (30). Gürcülərdə keçən əsrə qədər məşhur Orbeli knyaz nəsli də öz adını türk orbelilərdən almışdır. (Erməni tarixçisi Adons N. Q. əsrimizin əvvəllərində yazmışdır ki, Gürcüstanda knyaz Orbelianlar əcdadlarını cinlilərin ölkəsində axtarırlar və Çin Bakuru özlərinin ulu əcdadları hesab edirlər). Orbeli (Orbelian) xan nəsli 1117-ci ildə Gürcüstanda Lori qalasını tikmişdi. Lakin xristian ermənilər və gürcülər Orbelilərə qarşı mübarizəyə başladı. Nəticədə bu xan nəslinin bir hissəsi qoşunu ilə Sisakana köçüb gəlmiş, xristian dinini qəbul etmiş, sonra da hakimiyyəti ələ almışdı. XIII əsrdə Sisakanın hakimi Stepan Orbelian idi. Onun 1290-cı ildə yazdığı ―Sisakan nəslinin tarixindən‖ əsəri ermənicə yazılmışdır (30, III fəsil). Bu da təbii idi. O vaxt Sisakanda kilsə artıq erməni kilsəsinin tabeliyində idi və xristian albanlar içərisində bütün yazı-pozu da ermənicə aparılırdı. Xristian dininə qulluq edən Stepan Orbelian da əsərini ermənicə yazmalı idi. Deyilənlərdən görünür ki, Sisakanda sakların Si sülaləsi uzun müddət hakimiyyətdə olmuşdur. Zəngəzurda qədim qalalar və istehkamları da onlar tikmişlər. Stepan Orbelian yazır ki, yuxarı Qarabağda Dizak qalasını Sisak nəsli tikmişdir (III fəsil). Sisakanın digər məşhur qalası Şəki idi. Bu qalanın xarabalıqları Bazarçay sahilində indiyədək qalmaqdadır. Qala dağıdıldıqdan sonra əhali Şəki adlı kənd yaratmışdı. Məşhur ədəbiyyatçı Əziz Şərif də bu kənddən idi. 1920-ci ildə azərbaycanlılar Şəkidən tamamilə qovulmuşdur. Sisakanın Albaniyanın tərkib hissəsi olması Stepan Orbelianinin belə bir məlumatı ilə təsdiq olunur ki, Alban çarı Asvegen öz çar bayrağını Syuni yepiskopuna bağışlamışdı. Müəllif daha sonra yazır ki, onlar (yəni sisaklar – Q. Q.) təkcə Syuninin yox, həm də albanların (yəni alban çarlarının - Q. Q.) əcdadlarıdır, hətta onlara (yəni albanlara –Q. Q.) nisbətən daha qədimdir (30, III fəsil). Əsərinin V fəslində müəllif yazır ki, ―Ermənistanın əhalisindən əvvəl Syunilər dindar (yəni xristian – Q. Q.) oldular (30, V fəsil). Sisakların türk olduğunu göstərən bir fakt da var. Alban tarixçisi Musa Kalankatlı yazır ki, Sisaklar Yafətin nəslinə mənsubdur. Yafət dedikdə müəllif türkləri nəzərdə tutur, çünki müəllif Yafətin oğlanları içərisində Qamer (türk kimmerlər), Maqoq (skiflər - işkuzaylar) və Mada (madaylar) adlarını da çəkir (―Alban tarixi‖, III kitab, 1 fəsil). V əsr erməni tarixçisi Moisey Xorenasi yazır ki, Syuninin hakimləri erməni yox, Sisak sülaləsindəndir (I kitab, 12-ci fəsil), yəni saklardır. Sisak sülaləsindən olan hakimlər aranşahlar adlanırdılar. I əsrin ortalarından Alban çarları da mənşəcə Sisak nəslindən olduqlarına görə, Aranşahlar adını daşıyırdılar. Albaniyada bu nəslin axırıncı nümayəndələrini VI əsrdə İrandan Albaniyaya gəlmiş Mehranilər (Cavanşir də xristian dinini qəbul etmiş həmin tayfadan idi) qırmış və ona son qoymuşdular. 4. Azərbaycan ərazisində sakların bir hissəsi Yuxarı Qarabağda məskunlaşmış və onların adı ilə albanların dilində bu ərazi ―Art-Sak‖ adını almışdı. Qədim erməni mənbələrində Artsax kimi yazılan bu ad türkcə art – ―dağlıq ərazi‖, ―yüksəklik‖ sözündən və ―sak‖ etnonimindən ibarət olub. ―Sak yüksəkliyi‖, yaxud ―sak dağlıq ərazisi‖ mənalarını verir. A. N. Qrek mənbələrdəki Sakasena əyalətini Artsakla lokalizə etməkdə müəyyən mənada haqlı idi, ona görə ki, hər iki toponim sak etnonimi ilə bağlıdır. Yuxarıda demişik ki, sakların bir hissəsi Arropatenanın və Albaniyanın həmsərhədində düzənlikdə məskunlaşmış və Balasakan, yəni ―Sak düzənliyi‖ adı yaranmışdı. Deməli, sakların bir hissəsinin dağlıq və düzən yerlərdə məskunlaşması ilə əlaqədar olaraq hələ eradan əvvəl Artsak və Balasakan toponimləri yaranmışdır. Həm də nəzərə almaq lazımdır ki, digər Artsak (―Sak yüksəkliyi‖) Cənubi Azərbaycan ərazisində - Atropatenada yerləşirdi. Babək üsyanı ilə əlaqədar hadisələrdə bu toponim mənbələrdə Arşak qalası kimi qeyd olunmuşdur. Yaqut Həməvi yazır ki, Ərşəq Bəzzin yaxınlığında bir dağdır (32, 12) həmin toponim Cənubi Azərbaycanın Qaradağ əyalətində Ərşə mahalının adında qalır. Şimali Azərbaycan ərazisində qədimdə sakların məskunlaşdığı bölgələr barədə demək istədiyimiz bu qədərdir. Azərbaycan tarixşünaslığında eranın I əsrinin 60-cı illərində Kürdən cənubda Alban çarlığının ərazisini əhatə edən yeni dövlətin yaranması problemi hələ tam həllini tapmamışdır. F. Məmmədova tərəfindən belə bir fikir ortaya atılmışdır ki, guya I əsrin 60-cı illərində hakimiyyətə gəlmiş çar Ərən Parfiyanın Arşakid sülaləsindən idi. Bu, tamamilə səhvdir. Əvvələn, parfiyalıların heç də hamısı İrandilli deyildi. Antik müəllif Pompey Troq yazır ki, parfiyalıların dili skiflərin və midiyalıların ortasında durur (Pompey Troq, XI, 2, I). Hər halda Parfiya çarlığı zamanında yaşamış bu müəllif Fəridə Məmmədovaya nisbətən farsları və arşakidləri daha yaxşı tanıyırdı. Sonrası da Arşakidlər sülaləsinin banisi olan Arşakın adı da heç iranca deyil, türkcədir. Parfiya çarlarından Orod və onun sərkərdəsi Suren (monqolca tseren, türkcə çurin – ―ayıq, ehtiyatlı‖ sözündən) Pakor, Oroz və b. şəxs adları da qədim türkcədir. Çox güman ki, er. əv. VII əsrdə yaranmış Sak çarlığı Ermənistan və Şimali Azərbaycanı əhatə etmiş, lakin er. əv. IV əsrdə kiçik knyazlıqlara parçalanmışdır. Ondan sonra Ermənistanda erməni ervanditlər, Sisakanda türk sisaklar, Kürdən şimalda türk albanlar hakimiyyətə keçmişdilər. Eranın I əsrində Kürdən cənubdakı Azərbaycan torpaqları isə Aran adı ilə Sisak nəslindən çar Ərənin hakimiyyəti altında keçmiş, sonra da Kürdən şimaldakı ərazidə bu çarlığa birləşdirilmişdir. Sakların İrandilli sayılması fikri Azərbaycanın hər iki hissəsində xalqımızın etnogenezi prosesinin tədqiqi yolunda bir sipərə çevrilmişdir. İqrar Əliyev son məqalələrindən birində sakları türk hesab edənləri, o sıradan bu sətirlərin müəllifini diletant, onların yazdıqlarını isə gülünc adlandırmışdır (52). Bu fikir sonra antropos Rəbiyyə Məmmədmehdinin azərbaycanlıların etnogenezinə dair əsərimiz haqqında rəyində də təkrar edilmişdir. Qoy desinlər, qorxulu heç nə yoxdur; qorxu Azərbaycan xalqının tarixindən aralıda duranlar, onun bostanına kol dibindən daş atanlar üçündür, unudurlar ki, fərdlər gəlib-gedərdirlər, xalq isə həmişə yaşayacaqdır, deməli, fərdlərin hər birinə ayrı-ayrılıqda ən düzgün qiyməti xalqın özü verəcəkdir.