DOS/Giriş

Vikikitab, açıq dünya üçün açıq kitablar
< DOS
DOS

Sister Projects. Həmçinin baxın: Haqqında •

Fərdi kompyuterlərın (PC) inkişafında xüsusi xidməti olan DOS əməliyyat sistemi bu gün də öz əhəmiyyətini itirməmişdir. DOS-un Windows və Linux kimi müasir əməliyyat sistemləri ilə müqayisədə bir çox çatışmazlıqlarına baxmayaraq hələ də istifadə olunmasının bir neçə səbəbi var. DOS çox sadədir və buna baxmayaraq çox səmərəlıdır. O, kompyuter resurslarına qarşı çox qənaətcildir. Belə ki, DOS-u sərt disk olmadıqda, disketdən belə yükləmək mümkündür. Bununla yanaşı DOS üçün yazılmış tətbiqi proqramlar kiçik olur və çevik işləyirlər.

DOS-un qeyd olunan müsbət cəhətləri ilə yanaşı, müasir əməliyyat sistemləri ilə rəqabətə davamlı etməyən bir sıra çatışmazlıqları da var:

DOS birtapşırıqlı əməliyyat sistemidir. O, eyni vaxtda yalnız bir proqramın icrasını təmin edə bilər;

DOS təkprosessorlu əməliyyat sistemidir;

O, mukroprosessoru real zaman rejimində (və ya real ünvanlama rejimində) işlədir.

DOS tətbiqi proqramı yaddaşa yüklədikdən sonra idarəetməni ona verir. DOS əməliyyat sisteminin nüvəsi monolit arxitekturaya mənsub olduğundan o, istifadəçi (tətbiqi) proqramı ilə eyni ünvan məkanında yerləşir. Tətbiqi proqram kompyuterin bütün resursuna nəzarət edir. Bu zaman o, giriş-çıxışı DOS-un, BIOS-un funksiyaları vasitəsilə və ya qurğulara birbaşa müraciət etməklə həyata keçirə bilər. Bu da əməliyyat sisteminin tətbiqi proqram xətalarından mühafizəsiz qalması deməkdir.

DOS-da istifadəçi interfeysi əmr prinsipinə əsaslanır və ekranın (video-adapterin) mətn rejimindən istifadə edir.

DOS-un qeyd olunan çatışmazlıqları onun indi kütləvi istifadəsinə imkan verməsə də DOS xüsusi məsələlərin həllində müstəsna əhəmiyyət kəsb edir. O, proqramçıya və onun yazdığı proqrama sistem resurslarına tam nəzarət etmək imkanı verdiyindən spesifik məsələləri asan həll etməyə şərait yaradır.

Bundan başqa günümüzdə ən geniş istifadə olunan Windows əməliyyat sistemləri öz başlanğıclarını DOS-dan ğötürdüklərindən bir çox anlayışlar da ondan miras qalmışdır.