Kartofçuluq/Kartofun torpaq-iqlim şəraitində tələbatı
←Kartofun morfoloji və fizioloji xüsusiyyətləri | Kartofçuluq |
Torpağın əsas və əkinqabağı hazırlanması→ |
Kartofun torpaq-iqlim şəraitində tələbatı. Kartof bitkisi üçün əsasən mülayim soyuq və havanın nisbi rütubəti yüksək olan dağlıq və dağətəyi bölgələr əlverişlidir. Yaz aylarında havanın temperaturu 2°C-dən aşağı düşdükdə kartofun yerüstü hissəsi məhv olur və əlverişli temperatur şəraiti yarandıqda bitki yenidən inkişafa başlayır.
Torpağın 10-12 sm dərinliyində temperatur +6-8 dərəcə olduqda və havanın temperaturu +8°C-dən yuxarı qalxarsa, kartof əkininə başlamaq olar. Kartof bitkisinin normal inkişaf etməsi və kök yumrularının əmələ gəlməsi üçün torpağın optimal temperaturu gündüzlər 17-20°C, gecələr isə 12-14°C olmalıdır. Havanın hərarəti 29-30°C-ə çatdıqda kartof yumrularının əmələ gəlmə prosesi dayanır və məhsuldarlıq aşağı düşür.
Kartof bitkisi, adətən nəmlik şəraitinə orta dərəcədə tələbkar olmaqla, temperatur və nəmlik dəyişməsinə həssas və həmçinin uzun sürən quraqlığa da davamlıdır. Çiçəklənmə fazasında bitkinin suvarmağa və nəmliyə tələbatı artır. Torpaq-iqlim şəraitindən, sort xüsusiyyətindən və istehsal təyinatından asılı olaraq vegetasiya müddətində kartof bitkisinin bir hektarının suvarılma norması 800-dən 5000 kubmetrədək dəyişilir. Lakin ilkin mərhələdə yumruların cücərməsi adətən nəmlikdən asılı olmur. Odur ki, isti yaz günləri kartof əkini üçün əlverişli olduğu üçün əkini tez başa çatdırmaq lazımdır.
Təcrübələr göstərir ki, kartof bitkisi yüngül mexaniki tərkibli normal havalanan, qumsal, hümusla zəngin, qara və meşə altından çıxmış torpaqlardan daha çox və keyfiyyətli məhsul verir. Kartof bitkisinə yüksək aqrotexniki qulluq göstərməklə dəmyə şəraitdə də keyfiyyətli məhsul əldə etmək mümkündür.
Kartof bitkisinə növbəli əkinin təbiqi baxımından kartofu, eyni yerdə 4 ildən çox əkdikdə kartof üçün təhlükəli olan bir çox xüsusilə kolorida böcəyi, nematod və sair zərərvericilərin və xəstəliklərin artması müşahidə olunur. Kartofun ən yaxşı sələfləri, dənli-paxlalılar, birillik-çoxillik otlar, vələmir, silosluq qarğıdalı, günəbaxan və sair bitkilər hesab edilir.
Toxumluq kartof əkinləri üçün;
3 tarlalı: a) kartof, b) qarğıdalı – kökmeyvəlilər, c) paxlalılar.
4 tarlalı: a) payızlıqlar, b) kartof, c) yazlıq dənli bitkilər, d) yonca
5 tarlalı: a) payızlıqlar, b) kartof, c) kökümeyvəlilər d) çölnoxudu e) yulaf
Kartofu quşüzümü fəsiləsindən olan bitkilərdən pomidor, badımcan, bibər, fizalis, tütün bitkilərindən sonra əkmək olmaz.