Məzmuna keç

Nitq mədəniyyəti/Morfoloji norma

Vikikitab, açıq dünya üçün açıq kitablar
Sintaktik norma Nitq mədəniyyəti


 
Qrammatik norma dilin quruluşuna, onun nitq prosesindəki fəaliyyətinə aiddir. Bura sintaktik əlaqə formaları, şəkilçilərin ardıcıllığı, sözlərin cümlədə sıralanması, cümlə üzvlərinin dəqiq yeri, mənsubiyyət, hal, dərəcə, zaman, şəxs və s. kimi qrammatik kateqoriyaların ədəbi dildə gözlənilməsi ilə bağlı qaydalar daxildir. Bu baxımdan qrammatik normalar morfoloji və sintaktik normalar kimi öyrənilir.
Ədəbi dilin morfoloji normalarına aşağıdakı qaydaları daxil edə bilərik:
1) Azərbaycan dilində miqdar saylarından sonra gələn isimlər tək halda işlədilir: iki top, dörd tələbə və s. Isimlərin çoxluq ifadə etməsi üçün cəm şəkilçisini qəbul etməsi lazım gəlmir. “Beş cür futbol topları”, “on müxtəlif idman köynəkləri” işlətmək morfoloji normanın pozulması deməkdir.
2) Azərbaycan dilində mənsubiyyət kateqoriyası şəxs əvəzliklərinin iştirakı olmadan da düzəlir: kitabım, eviniz və s. Yığcamlıq yaratmaq məqsədilə sahib şəxs ixtisara düşür. Eləcə də, 1 və 2ci şəxsin cəmində ikinci tərəfin mənsubiyyət şəkilçiləri olmadan mənsubiyyət anlayışını ifadə etmək mümkündür: bizim məktəb, sizin ev. Lakin mənim məktəb, sənin ev, onun və ya onların bağ deyilməz. Bu, normanın pozulma halıdır.
3) 2ci şəxsin cəmində xəbərlik kateqoriyasının –sınız4 şəkilçisi –sız4 şəklində tələffüz olunur: futbolçusunuz [futbolçusuz]. Bu qayda artıq yazıda da tətbiq olunur: gəlirsiniz – gəlirsiz; xoş gəlmişsiniz – xoş gəlmisiz.
4) Feilin inkarlıq kateqoriyası təsdiq formada olan feilə -ma/-mə şə-kilçisini artırmaqla düzəlir. Məs: o yazır – o yazmır; sən oxuyursan – sən oxumursan. Amma inkarlığı -ma/-mə şəkilçisi olmadan da yaratmaq mümkündür. Nə, nə də ədatları işlənəndə feilin inkarlıq şəkilçisini işlətməyə ehtiyac qalmır: o nə yazır, nə də oxuyur. Biz bu cümləni “o nə yazmır, nə də oxumur” şəklində ifadə etsək, dilimizin morfoloji norması pozulmuş olacaqdır. Nə, nə də ədatları feilin qarşısında deyil, cümlənin başqa üzvlərinin yanında gələndə şagird və tələbələr qrammatik normanın pozulmasını aydın təsəvvür etmirlər. Məs: “Nə müəllimin yazdığı aşağı kredit balı, nə də dekanın göstərişi mənim qanuni oxuduğum Akademiyadan çıxarılmağıma haqq qazandıra bilməz”. Qəzet səhifələrində, dərslik və dərs vəsaitlərində, ən çox da danışıq dilində bu qayda tez-tez pozulur.
5) Zərf kimi işlənə bilən sözlər həm isim (səhər, günorta), həm sifət (yaxın, uzaq), həm də say (az, çox) kimi çıxış edə bilməz. Professor Yusif Seyidov bu fikri belə əsaslandırır: “Bir nitq hissəsinə aid olan söz başqa bir nitq hissəsi ola bilməz”.
6) Adlara (isim, sifət, saylara) əvvəl kəmiyyət, sonra mənsubiyyət, daha sonra hal, ondan sonra isə xəbər kateqoriyasının əlamətləri (şəkilçilər) artırılır: tələbə+lər+imiz+in+dir.
7) Feilin kökünə əvvəl təsirlik, sonra növ, daha sonra şəkil, ondan sonra isə şəxs - xəbər əlaməti artırılır: sil+dir+il+məli+dir. Bura inkarlıq, kəmiyyət şəkilçilərini, hətta –mı4 sual ədatını da artırmaq mümkündür: sil+dir+il+məli+dir+mi?
8) Sifətin çoxaltma dərəcəsi qrammatik əlamətlərlə yanaşı bütöv sözlərlə də düzəldilir. “Təmiz” əvəzinə “aydan arı, sudan duru” ifadəsi, “qırmızı” əvəzinə “qan qırmızı”, “lalə kimi qırmızı”, “lalədən də qırmızı”, “ağ” əvəzinə “süd kimi ağ” və ya “süddən də ağ” kimi bənzətmə bildirən birləşmələr daha təsirli üslubi effekt yaradır.
9) Eyni və ya yaxınmənalı sözlərin təkrarlanması normanın pozulma halıdır:
    1. Onun yazdığı yazını oxudum.
    2. Bu fəaliyyət 20ci əsrin əvvəlində daha da fəallaşdı və s.
10) Az, xeyli, bir az saylarından sonra gələn isimlər təkdə işlənməlidir. əgər cəmdə olarsa, norma pozulur: az uşaqlar (olmalıdır: az uşaq).
11) Bir sıra, bir çox saylarından sonra gələn isimlər cəmdə işlənməlidir. əks halda norma pozulur: bir sıra ölkə (olmalıdır: bir sıra ölkələr).
12) “Büsbütün” sözündə morfoloji norma pozulub. Çünki dərəcələnmək sifətin xüsusiyyətidir. Bütün əvəzlik olduğundan bu hal yanlışdır.
13) “Rahatsız” sözündə morfoloji norma pozulub. Əslində -sız4 şəkil-çisi isimdən sifət yaradır. Nümunədə isə sifətə artırılaraq sifət yaratmışdır.
14) Şirvan bölgəsində dialektdə işlənən “nə qapını ört, nə pəncərəni” cümləsi əslində “ya qapını ört, ya pəncərəni” mənasında işlənir.
15) Cümlənin xəbəri felin arzu şəkli əvəzinə, qeyri-qəti gələcək za-manda və ya şərt şəklində işlənərsə, morfoloji norma pozulur. Məs: “Kaş onu tez-tez görərdim”, “kaş getsə idim” və s. Əslində “kaş görə idim”, “kaş gedə idim” olmalıdır.
16) “Vaqif Səmədoğluna” ifadəsində morfoloji norma pozulub. “Vaqif Səmədoğluya” olmalıdır.
17) Morfoloji normanın pozulma hallarından biri feli sifət şəkilçiləri ilə bağlıdır. Feli sifət şəkilçiləri müxtəlif zaman mənaları bildirir: “deyilmiş söz” keçmiş, “deyilən söz” indiki, “deyiləcək söz” gələcək zamanı bildirir. Nitq prosesində bunların bir-birinin əvəzinə işlədilməsi kobud morfoloji pozuntudur. Bu hal məntiqi yanlışlığa səbəb olur. Məs: “Dünyanın inkişaf edən ölkələri sırasında İtaliya layiqli yer tutur”. Əslində “inkişaf etmiş” olmalıdır.
18) Asemantik şəkilçilərdən istifadə məqamında morfoloji norma pozulur. Məs: “Bölgədə tam sakitçilikdir”. Burada –çi şəkilçisi artıqdır, sakitlik olmalıdır. Bu hal öhdəçilik sözü üçün də xarakterikdir. “Gürcüstan Qafqazlarda yerləşir” cümləsində isə -lar şəkilçisi artıqdır.

İstifadə olunmuş ədəbiyyat siyahısı

[redaktə]

 
1. Hüseynov S.S. Nitq mədəniyyəti (dərslik). Bakı, “Yazıçı” nəşriyyatı, 2010
2. Abdullayev N.Ə. Nitq mədəniyyətinin əsasları. Dərs vəsaiti. Bakı, 2013