Məzmuna keç

Nitq mədəniyyəti/Sintaktik norma

Vikikitab, açıq dünya üçün açıq kitablar
Nitqin növləri (monoloji və dialoji) Nitq mədəniyyəti

Morfoloji norma


Sedo norma dilin quruluşuna, onun nitq prosesindəki fəaliyyətinə aiddir. Bura sintaktik əlaqə formaları, şəkilçilərin ardıcıllığı, sözlərin cümlədə sıralanması, cümlə üzvlərinin dəqiq yeri, mənsubiyyət, hal, dərəcə, zaman, şəxs və s. kimi qrammatik kateqoriyaların ədəbi dildə gözlənilməsi ilə bağlı qaydalar daxildir. Bu baxımdan qrammatik normalar morfoloji və sintaktik normalar kimi öyrənilir.
Ədəbi dilin sintaktik normalarına aşağıdakı qaydaları daxil edə bilərik:
1) Bu normaya əsasən, əvvəlcə cümlənin nüvəsini təşkil edən üzvlərdən mübtəda, sonra xəbər işlədilir; məsələn: Yük maşını getdi. Mübtədanın təyini mübtədadan əvvəl işlənir: Tonyarımlıq yük maşını getdi. Yer zərfliyi mübtəda ilə xəbər arasında yerləşəcək: Tonyarımlıq yük maşını körpüsalanların çadırına tərəf getdi. Determinant zərfliklər isə əksərən cümlənin əvvəlində işlənir: Axşamçağı Adillə çadırın qapısında oturub çay içdiyimiz zaman tonyarımlıq yük maşını sürətlə ötüb körpüsalanların çadırına tərəf getdi.
Canlı danışıq dilində söz sırası normaları pozulmuş olsa da, nitqin ritmik-melodik axını, fasilə, vurğu fikrin düzgün başa düşülməsinə imkan yaradır. Məsələn: Bu saat İranda neçə yüz Sibirdən qaçmış dustaq var. Burada neçə yüz sayı Sibirdən qaçmış sözlərinə deyil, dustaq sözünə aiddir. Bunu şifahi nitqdə intonasiyanın köməyi ilə başa düşmək olur.
Normaya uyğun olaraq, təyin təyinlənənlə, qeyi-müəyyənlik bildirən vasitəsiz tamamlıq təsirli feli xəbərlə, bir çox zərflik novləri (tərz, zaman, səbəb, dərəcə) xəbərlə yanaşma əlaqəsində olur və aid olduğu üzvdən əvvəl işlənir. Canlı danışıq dilində, bədii dildə tərəflər inversiyaya uğradıqda, asılı tərəf əsas tərəfdən sonra işləndikdə cümlədə emosionallıq artmış olur.
2) Söz sırasının pozulması sintaktik normanın pozulmasına gətirib çıxarır. Məsələn: “Sizi mən istəyirdim görmək”. Danışıq dilində belə cümlələrə rast gəlirik. Cümlə “mən sizi görmək istəyirdim” kimi işlənərsə, cümlə dilin qrammatik normasına uyğun olar.
3) Mübtəda ilə xəbər sintaktik-qrammatik cəhətdən şəxsə və kəmiyyətə görə uzlaşmalıdır. Məsələn: “Tələbələr – oğlanlı, qızlı hamı universitetə gedirlər”. Mübtəda hansı şəxsdə, hansı kəmiyyətdədirsə, xəbər də həmin şəxsdə və kəmiyyətdə olmalıdır. “Tələbələr gedirdilər” cümləsində uzlaşma düzgün sayılmalıdır, amma hamı əvəzliyində cəmlik anlayışı olsa da, “hamı gedirdilər” deyilməz. Yaxud “səndən ötrü ayaqlarım evə getmirdilər” cümləsi düzgün qurulmamışdır. Ayaqlar sözü cəmdə olsa da, məntiqi cəhətdən “ayaqlar getmirdilər” demək olmaz, yəni uzlaşma yanlışdır.
4) Emosional nitqdə, yüksək pafosla ifadə olunan poetik dildə mübtəda ilə xəbər yerini dəyişə bilər: “Poçtalyon Musaya tərs-tərs baxdılar qocalar” (V.Nəsib).
5) Sintaktik əlaqələrin düzəldilmə qaydalarının pozulması fikrin düzgün anlaşılmasını çətinləşdirir: “Məşqçilər futbolçulara söhbət apardılar”. Nümunədə idarə əlaqəsi pozulmuşdur.
6) Bəzi söz birləşmələrində əsas tərəflə asılı tərəfin yerinin dəyişməsi özünü göstərir. Məsələn: gözü yaşlı, qəlbi tox, fikri geniş.
7) Sintaktik normanın pozulmasına aid nümunələr:
Biz artıq efirdə. Nümunədə birinci şəxsi bildirən şəkilçi ixtisar edilmiş (-yik), beləliklə, uzlaşma əlaqəsi pozulmuşdur.
Elə iş həftənin də ilk günüdür (iş həftəsinin olmalıdır).
500 minə yaxın qeyri-qanuni tikilən evlərin sənədləşdirilməsi niyə yubanır? (əslində olmalıdır: Qeyri-qanuni tikilən 500 minə yaxın evin sənədləşdirilməsi niyə yubanır?)
Arif Quliyev bizi sevindirəcək, öz yeni obrazları ilə (Olmalıdır: Arif Quliyev bizi öz yeni obrazları ilə sevindirəcək).
Sizə bu əziyyət yollarında (əziyyətli yollarda) uğurlar diləyirik.
Ermənistan silahlı qüvvələri atəşkəsi bu gecə də bir neçə istiqamətdə pozaraq milli ordumuzun mövqelərini və yaşayış məntəqələrini atəşə tutub (tutublar olmalıdır, uzlaşma pozulub)
İmtahanlardan uğurla keçəcəyinizə bütün qəlblə inanın (uzlaşma əlaqəsi pozulub, “bütün qəlbinizlə” olmalı idi.
Məşqçi bu planın həyata keçəcəyindən əmin idi (idarə əlaqəsi pozulub, “həyata keçəcəyinə” olmalıdır).
Evin bəzəyi uşaq, süfrənin bəzəyi qonaqdır (“uşaqdır” olmalıdır. Üçüncü şəxsi bildirən –dır şəkilçisi ixtisar olunub, uzlaşma əlaqəsi pozulub).

İstifadə olunmuş ədəbiyyat siyahısı

[redaktə]

 
1. Abdullayev N.Ə. Nitq mədəniyyətinin əsasları. Dərs vəsaiti. Bakı, 2013
2. Məlahət Nuriyeva və Aytən Quliyeva / Bakı Dövlət Universiteti. Fəlsəfə Akademiyası Gənclər Təşkilatı, 2013 (daha ətraflı ensiklopediya.az saytında)