Politologiya/Qədim dövrdə Azərbaycanda siyasi fikir
←Siyasət | Politologiya |
İstifadə edilmiş ədəbiyyat→ |
Siyasət bütün dünya xalqlarının ictimai həyatını əhatə edən, dəyişdirən və istiqamətlənndirən qüdrətli fenomendir və buna görə də onu yalnız məcmu halında, beynəlxalq miqyaslı, dünya hadisəsi kimi götürməklə adekvat başa düşmək olar. Siyasətin formalaşması və həyata keçirilməsi həm milli, həm də ümumi səbəblərə malikdir. Onun fərdi, milli ölçüdə anlaşılması, əslində bütöv tamın, yəni dünya miqyaslı siyasətin müəyyən bir hissəsini təşkil edir.
Azərbaycanda siyasi fikir qədim dövrdə müxtəlif miflərin və əfsanələrin əsasında yaranmışdır. Bu miflər və əfsanələrdə Azərbaycan xalqının ulu babalarının bəzi siyasət məsələlərinə dair baxışları öz ifadəsini tapmış və bu qədim fikirlər onun təfəkküründə dərin iz salmışdır. Azərbaycanda dövlət və hakimiyyət ideologiyası qismində irəli sürülmüş mənəvi-əxlaqi, sosial, iqtisadi və siyasi baxışlar daha çox ilk dinlərdən biri olan zərdüştilikdə ifadə olunmuşdur. Qədim şərqin və Azərbaycanın siyasi fikrinin ilk abidəsi «Avesta» olmuşdur. Burada siyasət, siyasi və ictimai fikir məsələləri, qədim hüququn vacib problemləri ifadə olunmuşdur. İnsan şüurunun inkişafı yollarının uzun müddət axtarışı nəticəsində ilk dəfə olaraq «Avesta» adı altında yazılı qanunlar yaradılmışdır. «Avesta» qədim dövrdə və erkən feodalizm dövründə Azərbaycandakı fəlsəfi-siyasi və hüquqi cərəyanların, təlimlərin öyrənilməsi üçün başlıca mənbədir. «Avesta»nın yüksək elmi dəyəri bundadır ki, o Azərbaycan siyasi fikrinin və qədim hüququn ümumi problemləri ilə bilavasitə bağlıdır və bu biliklərin özünəməxsus ensiklopediyası kimi çıxış edir. Digər tərəfdən, «Avesta» xalqın dövlətçilik müdrikliyinin ifadəsidir. «Avesta»da «dövlət» anlayışı hər bir xarici nəzarətdən daxili müstəqillik, sərbəstlik və suverenlik, ayrıca bir ərazi və zərdüşt dininin ardıcılları üzərində ayrılmaz hökmranlıq etmək, onların səylərini şər qüvvələrlə mübarizəyə, gələcək cəmiyyətin yaradılmasına istiqamətləndirmək imkanı kimi nəzərdə tutulur. «Avesta»ya görə, dövlətin əsas funksiyalarından birini kütlələri səfərbər edən, xalqın vahidliyini möhkəmləndirən müqəddəs odu qoruyub saxlamaqdır. «Avesta» Aşinin qorunmasını zəruri hesab edir, çünki xalqın rifah halı, idarəetmənin ədalətli obrazı, həmçinin hər bir insanın varlı olması və şəxsi həyatı bundan asılıdır.
Fəlsəfədə və dində çox vaxt siyasətin əsaslandırılması, əxlaqda isə ona bəraət qazandırmaq cəhdləri olmuşdur. Məlumdur ki, orta əsrlərdə həm Qərbdə, həm də Şərqdə dini dünyagörüşü hakim olmuşdur. Dövlətə, hüquqa dini münasibət bir çox əsrlər mühafizəkar və mürtəce siyasi proqramların söykənəcəyi idi. VII əsrin ortalarından başlayaraq Azərbaycanda tədricən İslam dini hakim dinə çevrilmişdir. İslam Azərbaycan torpağına yeni, bütün mümkün ideyaları (hənifi, şəfiyi, maliki və s.) və müsəlman hüququnu gətirmişdir. Bu istiqamətlər müxtəlif yollarla, lakin dinin üstünlüyü mövqeyindən müxtəlif hüquqi situasiyaların və hakimiyyət, dövlət və siyasətin mənşəyi konsepsiyasının izahını verirlər.
Orta əsrlər Şərqində demokratiya və azadfikirlilik, cəmiyyətin ədalətli idarə edilməsi ideyaları geniş yer tuturdu. Bu baxımdan Azərbaycan siyasi fikrinin tanınmış nümayəndəsi Nəsirəddin Tusinin «Əxlaqi Nasiri» və s. əsərlərdə ədalətli dövlət və cəmiyyət problemlərinin qoyulması xüsusilə diqqəti cəlb edir. Görkəmli Azərbaycan şairi Nizami Gəncəvinin «Xəmsə»sində də ədalətli cəmiyyət obrazının yaradılması insan hüquqları problemi prizmasından olduqca əhəmiyyətlidir.
Adətən müsəlman mütəfəkkirlərinin sosial ədalət probleminə və ictimai təşkiledilmənin formalarına müraciətlərinin nəzəri bünövrəsini araşdıran bu tədqiqatçılar onun kökündə antik yunanların irsinin durduğunu göstərirlər. VIII əsrdən başlayaraq İslamda ictimai həyatın reqlamentləşdirilməsi və nizamlanmasına müstəsna əhəmiyyət verilir. Məsələn, təhlil göstərir ki, tarixi Azərbaycan mütəfəkkirlərinin bir çoxu ideallardan uzaq olmuş, onların başlıca səyləri ədalətli sosial quruluş nəzəriyyələrinin yaradılmasına yönəlmişdir. Bu baxımdan ideal cəmiyyətdə dövlət quruluşu ideyaları xüsusi maraq doğurur. Belə cəmiyyətə müharibələr yaddır, burada sülh və dostluq çiçəklənir, qoşunlar və silahlanma yoxdur. Azərbaycan mütəfəkkirlərinin baxışlarının mərkəzində müdrik, xeyirxah, cəsarətli insan durur, Nizami Gəncəvinin sözləri ilə desək, onun üçün ən əsası “sağlamlıq, təhlükəsizlik və təminatdır”. Böyük şair öz «Xəmsə»sində belə bir ədalətli cəmiyyətin layihəsini yaradır. O, burada özünün təliminin məqsədini ətraflı ifadə edərək nə ağaların, nə qulluqçuların, nə istismar edənlərin, nə də istismar olunanların olduğu harmonik cəmiyyət obrazı yaradır. Bu cəmiyyətdə siniflər və düşmənçilik yoxdur, insanlar yalnız qocaldıqdan sonra ölürdülər. Mütəfəkkir bu sosial idealın həyata keçirilməsini gələcək nəsillərə vəsiyyət edirdi.